İkinci Qarabağ müharibəsində parlaq Qələbəyə nail olan Azərbaycan Ordusu növbəti tarixi Zəfərini 2023-cü ili sentyabrın 19-da bir günlük lokal antiterror tədbirləri ilə qazandı. Bununla da qondarma «dqr» birdəfəlik məhv edildi. Onun qondarma «liderləri» isə həbs edilərək Azərbaycan dövlətinin ədalət mühakiməsinə təhvil verildi. Təbii ki, bu zəfərlərdən sonra Azərbaycan dövlətinin növbəti tarixi missiyası Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev bu barədə deyib: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»
Acı həqiqətdir ki, XIX əsrdə Çar Rusiyası tərəfindən Türkiyə və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanıldı. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşdi. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirildi, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrildi, yüzlərlə Azərbaycan kəndi yer üzündən silindi.
Tarixin təkrarlanan dönəmlərində azərbaycanlılar bir çox deportasiyalara məruz qalıblar. Belə ki, 1948-1953-cü illərdə xalqımız növbəti dəfə Qərbi Azərbaycandakı öz doğma torpaqlarından deportasiya ediliblər. Ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
Tarixi mənbələrə nəzər salanda aydın şəkildə görünür ki, son bir əsrdə ermənilərin mərhələli şəkildə həyata keçirilən məkrli planlar nəticəsində azərbaycanlılar hazırda Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi soyqırımlara məruz qalıblar. Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri də ötən əsrin əvvəllərində bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana tarixi şəhərimiz İrəvanın verilməsi oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verərkən bu barədə deyib: «Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb. O qərara gəldikdə isə mən hesab edirəm və yəqin ki, hamı mənimlə razılaşar, o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət. Birincisi, İrəvanda o vaxt yaşayan azərbaycanlılardan soruşulmadı. İkincisi, nə qaçaqaç idi? Hara tələsirdilər? Yəni, 28 mayda respublika elan olundu, 29 mayda İrəvan Ermənistana verilir. Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı. İrəvandan olan nümayəndələrin - o vaxt Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmuş nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni, o, böyük tarixi cinayət idi və o, bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən, - mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, - 86,6 min kvadratkilometrə düşdü. Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. O vaxta qədər hissə-hissə verilirdi.»
1980-ci illərin sonlarında isə erməni millətçiləri növbəti dəfə xalqımıza qarşı soyqırımı və deportasya planlarını işə saldılar. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında sovet hökumətindəki ali vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri SSRİ-nin qatı ermənipərəst rəhbəri Mixail Qorbaçova arxalanaraq həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti soyqırımına başladılar. Nəticədə qısa müddətdə azərbaycanlılar tarixi torpaqlarından- Qərbi Azərbaycandan tamamilə deportasiya edildilər. Bu deportasiya ilə kifayətlənməyən barbar ermənilər yenə də havadarlarının hərbi dəstəyi ilə 1990-1993- cü illərdə Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Nəticədə on minlərlə azərbaycanlı məhv edildi, 1 milyona yaxını isə qaçqın və məcburi köçkünə çevrildi.
Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti də həyata keçiriblər. Tarixi torpaqlarımız olan İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən haylar özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdiriblər.
Bu gün Azərbaycan dövlətinin strateji hədəfində Şərqi Zəngəzura və Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdışı təmin etməkdir. Düzdür, Azərbaycan dövlətinin soydaşlarımızın Qərbi Azərbaycana qayıdışına dair yürütdüyü siyasət bəzən Ermənistan və onun beynəlxalq havadarları tərəfindən bilərəkdən yanlış izah edilir. Onlar iddia edirlər ki, guya Azərbaycan Ordusu Ermənistana tanklarla girməyə hazırlaşır. Lakin Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı dinc şəraitdə, avtomillərlə reallaşa bilər. Çünki Azərbaycan yalnız bu gün də bölgədə müharibənin alovlanmasını istəməyən, burada əmin -amanlıq yaratmağa çalışan dövlət kimi çıxış edir.
Qısa zaman kəsiyində tarixi zəfərlər qazanan ölkənin vətəndaşları kimi inanırıq ki, bizim üçün qəribsəyən, bizim üçün darıxan torpaqlarımızla bağlı həsrətimizin vüsal günü gələcək . Ona görə ki, biz bir dövlət və millət olaraq bu həsrəti bitirəcək qədər güclü , qətiyyətliyik.
Elçin Zaman, «İki sahil»