11 yanvar 2024 02:16
389

Zəfər ruhlu müzəffər ordumuz, daim irəli!

Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əzmi , qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt, 2020-ci ilin Tovuz qələbələri ilə, nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərlə bütün dünyaya səs saldı. 2023-cü ildə isə cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi,  Xankəndidə bayrağımız əbədi dalğalandırıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuz  ölkəmizdən sepratizmin kökünü kəsdi. Cinayətkarlar torpaqlarımızdan əbədi olaraq çıxarıldı. Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərdilər. Dövlət suverenliyinin tam bərqərar edilməsi ilə şəhidlərin, Xocalı soyqırımı qurbanlarının və həyatını itirmiş mülki insanların qisası döyüş meydanında alındı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunan bütün ərazilərimizdə dalğalanır. Bu qələbələr sadəcə Ermənistan üzərində qazanılan Zəfər deyil, eyni zamanda, illər boyu haqsızlığa, hüquqsuzluğa göz yumanlara, səssiz qalanlara döyüş meydanında verilən cavabdır. Əlbəttə ki,  şanlı qələbələrə gedən yol heç də asan olmadı. Bu keşməkeşli yolda ən böyük güvəncimiz, qürurumuz, dayağımız ordumuz oldu.

Ölkəmizin tarixində ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını üzərinə götürən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Ordusunun formalaşması prosesini diqqət mərkəzində saxladı. Güclü orduya malik olmaq prinsipini Ulu Öndər özünəməxsus şəkildə və məharətlə həyata keçirməyi bacardı. Ordu quruculuğunu diplomatik fəaliyyəti ilə birləşdirən Ulu Öndər məhz ərazi bütövlüyümüzün Silahlı Qüvvələrimizin gücü ilə təmin olunacağını böyük strateq, gələcəyi qabaqlayan fenomenal lider kimi hesablamışdı. Azərbaycan Ordusunun hazırkı səviyyəsi dahi lider tərəfindən ordu quruculuğu sahəsində müəyyənləşdirilən siyasətin tamamilə doğru olduğunu bir daha sübut edir.

Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, ən güclü orduya malik olduğunu təsdiq etdi. Zəfər üstünə zəfərlər qazanmaq ordumuzda daha geniş struktur dəyişiklikləri və yeni qoşun növlərinin yaradılmasını şərtləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, güclü hərbi-sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin ən müasir silahlarla təchiz edilməsi, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, yeni Komando birliklərinin yaradılması onun peşəkarlıq imkanlarının daha da genişləndirilməsinə təkan verdi. Ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırıldı. Əməliyyat işləri, idarəetmə təkmilləşdirildi, xeyli sayda təlimlər keçirildi. Azərbaycan güclü müdafiə sənayesi yaratdı, ölkədə müasir silahların istehsalına başlandı.

Göründüyü kimi, torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğulayır. Dövlət büdcəsindən ayırmalarda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılması əsas hədəf kimi vurğulanır. Orduya bundan sonra da vəsaitlər ayrılacaq, çünki dəmir yumruq yerində olmalıdır. Prezidentin orduya göstərdiyi  diqqət həm də xalqımızın, dövlətimizin təhlükəsizliyinə verilən böyük dəyərdir. Çünki güclü iqtisadiyyat və ordu dövlətin suverenliyinin təminatçısıdır.

Azərbaycan Ordusu yalnız ölkəmizdə deyil, həm də Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, eyni zamanda, regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.

Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Silahlı Qüvvələri bu gün dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi ilə fərqlənən hərbi qüvvəyə çevrilib. Ordumuz daim irəliyə doğru addımlayır ki, daim Zəfər qazansın! Çünki Zəfər bizə çox yaraşır...

Yaqut Ağaşahqızı, “İki sahil”