09 yanvar 2024 22:46
1291

«Yaşıl enerji»yə yaşıl işıq

Ölkəmiz yaxın gələcəkdə bu enerji növünün də ixracaatını həyata keçirəcək

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Eyni zamanda, ölkəmizin  2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, hazırda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Sərəncamda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.  Ona görə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Yəni, həmin ərazilərdə «ağıllı şəhər», «ağıllı kənd» kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Bir sözlə, bu gün «yaşıl enerji» növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən  respublikamıza böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bu gün ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və «Yaşıl Enerji» Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi oldu. «Yaşıl enerji» ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında «yaşıl enerji»nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in imzalanması Azərbaycanın bu sahədə potensialının reallaşmasına və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir.

«Yaşıl enerji» sahəsində ölkəmizə yatırılan xarici sərmayələr də xeyli çoxalıb. Belə ki, ötən dövrlərdə Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri  bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsinə dair icra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq «ACWA Power» şirkəti ilə 240 MVt gücündə külək, «Masdar» şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.

Bundan başqa, 2022- ci ilin  dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın «Fortescue Future Industries» (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və «yaşıl hidrogen»in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və «yaşıl hidrogen»in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Yaxın gələcəkdə Azərbaycan yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Digər mühüm hadisə isə ölkəmizin Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla birgə layihələr hazırlamasıdır. Prezident İlham Əliyevin cari il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində demişdir: «Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.»

Elçin Zaman, «İki sahil»