Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bunu bir daha bəyan etdi: “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Ölkə başçısının tapşırığı ilə son zamanlar həyata keçirilən tədbirlər sayəsində Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq ictimaiyyətin gündəminə daxil edilib. Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyasının və Təhükəsizlik Şurasının üzvlərinə, UNESCO-nun Baş direktoruna, BMT-nin Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına ünvanlandığı məktublara verilən cavablar bu mənada diqqəti çəkir. Məsələn, “Aravot” qəzetinin dərc etdiyi məlumatda deyilir ki, UNESCO Ermənistan Xarici İşlər Nazirliyinə Qərbi Azərbaycanda abidələrin dağıdılması ilə bağlı sənəd göndərib. Bu faktla rəsmi Bakı artıq Qərbi Azərbaycanla bağlı prosesi beynəlxalq müstəviyə keçirib və Ermənistan hökuməti qoyulan tələblər qarşısında geri çəkilir. Erməni etnoqraf Hranuş Xaratyan isə bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı sənədi qəbul etməsi rəsmi İrəvanın azərbaycanlıların qayıdışı məsələsi ilə razılaşmasının göstəricisidir.
Bütün tarixi mənbələr, sənədlər, xəritələr təsdiq edir ki, Qərbi Azərbaycan ərazisi‚ yəni Zəngəzur‚ Göyçə və İrəvan azərbaycanlıların min illər boyu yaşadığı doğma torpaqlarıdır. Ermənilər bu torpaqlara XIX əsrdə rus imperiyası tərəfindən Osmanlı Türkiyəsindən və İrandan məqsədyönlü və düşünülmüş şəklidə köçürülüblər. Sovet-bolşevik hökuməti dövründə bu proses davam etmişdir. Sovet hökumətinin qatı ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqları qeyri-qanuni olaraq tamamilə ermənilərə verilmiş və bu ərazidə Sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Məhz bundan sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qanlı soyqırımı siyasəti həyata keçirilmişdir.
Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması tarixin ən böyük ədalətsizliyidir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. İndi Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Ötən əsrin əvvəllərində-1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanı olub. 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub. Məhz bundan sonra Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Vaxtilə azərbaycanlıların yaşadıqları bölgələrdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb. Mütəxəssislərin bildirdiyinə görə, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər.
Bütün bunların fonunda bir daha demək olar ki, bu gün Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliği əsas prioritetlərdən biridir. Sevindirici haldır ki, qısa müddətdə bu istiqamətdə ciddi adımlar atılıb, mühüm işlər görülüb.
Zahid Rza, “İki sahil”