08 yanvar 2024 15:57
635

Bakıda memarlıq abidəsinə müdaxiləyə görə obyekt sahibinə xəbərdarlıq edilib

Bakıda Bülbül prospekti 63 ünvanında yerləşən 1899-cu ilə aid tarixi binanın içində avtoyuma məntəqəsi açılıb.

“İki sahil” xəbər verir ki, məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, xidmət tərəfindən mütəmadi olaraq ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi ilə bağlı monitorinqlər keçirilir.

“Aparılan monitorinqlər nəticəsində Bülbül prospekti 63 ünvanında yerləşən memarlıq abidəsinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektdə də qeyri-qanuni istifadə faktı aşkar olunub və mülkiyyətçiyə yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün xəbərdarlıq edilib”, - sorğuya cavabda qeyd olunub.

Həmçinin o da əlavə olunub ki, abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən və təyinata uyğun olunmayan istifadə halları aşkar olunduqda müvafiq tədbirlər görülür.

“Aşkar olunan nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb. Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib”, - məlumatda vurğulanıb.