Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası 2024-cü ilin ilk konserti təşkil olunub.
“İki sahil” xəbər verir ki, konsertdə gənc pianoçu Eldəniz Ələkbərzadə Avropa və Azərbaycan bəstəkarlarının musiqilərini ifa edib. O, İohan Sebastyan Bax və Pyotr İliç Çaykovskinin əsərləri ilə bərabər, Azərbaycan bəstəkarı Qara Qarayevin prelüdlərini və “İnsan məskən salır” filmindəki musiqisini pianoda səsləndirib.
Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. İstedadlı pianoçu musiqi təhsilinə 8 yaşında Sankt-Peterburqda başlayıb. 2003-2012-ci illərdə Sankt-Peterburq şəhərindəki V.Andreyev adına Musiqi məktəbində təhsil alıb. 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə başa vurub. 2022-ci ildən təhsilini Paris şəhərindəki “Ecole Normale Alfred Cortot” məktəbində davam etdirir.
2015-ci ildə Türkiyənin İzmir şəhərində “Mozart Academy” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2019-cu ildə İtaliyanın Qrosseto şəhərində keçirilən A.Skryabin adına beynəlxalq müsabiqədə diplomant adını qazanıb. Gənc musiqiçinin respublikanın müxtəlif səhnələrində konsertləri təşkil edilib. Klassik musiqiyə üstünlük verən Eldəniz təhsili boyu böyük repertuarlar kəşf etmək məqsədilə çoxsaylı müsabiqələrdə görkəmli bəstəkarların əsərlərini ifa edərək, istedadını göstərib.