05 yanvar 2024 18:36
413

Azərbaycan-Özbəkistan dostluğunun möhkəmləndirilməsinə dair bu il görüləcək işlər müzakirə olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nurridinov arasında görüş keçirilib.

Mərkəzdən “İki sahil”ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bu il Dostluq Cəmiyyətinin nümayəndə heyətinin Azərbaycana səfəri, universitetlərimiz arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə layihələrin reallaşdırılması, bu ildən başlayaraq Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi, bu məqsədlə Azərbaycandan müvafiq pedaqoqların dəvət olunması, qarşılıqlı mühazirələrin keçirilməsi, Özbəkistanda bu il dövlət səviyyəsində keçiriləcək Azərbaycan mədəniyyət günlərinə dair təşkilati işlərin həlli, Özbəkistanda Nizami Gəncəvi, Məhəmməd Füzuli və Maqsud Şeyxzadə irsinin təbliği, onların əsərlərinin tərcümə və nəşr layihələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb. Habelə həmin tədbirlərin, layihələrin həyata keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Özbəkistan Mədəniyyət Nazirliyinin yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin nəzdində və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında fəaliyyət göstərir.