05 yanvar 2024 12:31
401

Multikulturalizm Mərkəzi 2023-cü ildə də elmi jurnalların nəşrini davam etdirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2023-cü ildə də elmi jurnalların nəşrini davam etdirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “İki sahil”ə bildirilib ki, 2023-cü ildə “İnternational Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) beynəlxalq elmi jurnalının iki sayı nəşr edilib. Mərkəz tərəfindən ildə iki dəfə olmaqla buraxılan elmi jurnal regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Bütün beynəlxalq standartlara uyğun olaraq hazırlanan elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.

Ötən il Mərkəz “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalın 4-cü buraxılışını çap edib. Üç dildə - Azərbaycan, rus, ingilis dillərində nəşr olunan elmi jurnala Qafqaz Albaniyasının tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq, mənbəşünaslıq, epiqrafika, linqvistika və numizmatika sahələrində bir sıra problemli məsələlərin araşdırıldığı məqalələr daxil edilib. Rusiya, Gürcüstan, Cənubi Koreya, İtaliya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsinin saxtalaşdırması faktlarına da geniş diqqət yetirilib.