02 yanvar 2024 20:57
378

Polad Həşimov zabit kimi peşəkarlığı və vətənpərvərliyi, bir insan kimi mərhəməti və xeyirxahlığı ilə örnək idi

Şəhid general-mayor Polad Həşimov cəmi 45 il yaşasa da, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Ən çətin, keçilməz mövqelərdə xidmət etdi. Xidmət dövrü daha çox Murovdağ, Daşkəsənlə bağlı oldu. O, zabit kimi peşəkarlığı, vətənpərvərliyi, məsuliyyəti, bir insan kimi mərhəməti, vicdanı, xeyirxahlığı ilə örnək idi.

“İki sahil” xəbər verir ki, bunu ehtiyatda olan mayor Bəxtiyar Abdullayev jurnalistlərə müsahibəsində deyib.

Polad Həşimovla bir yerdə xidmət etdiklərini vurğulayan B.Abdullayev qeyd edib: “1998-ci ildə mən indiki Heydər Əliyev adına Hərbi İnstitutu qurtarıb Murovdağa təyinat aldım. Orada ilk qarşılaşdığım insanlardan biri Polad Həşimov olub və həmin vaxtdan bir yerdə xidmət etmişik. Sonra Polad Həşimov mənim rəisim - tabor və hərbi hissə komandirim oldu. Demək olar ki, bütün çətin yolları bir yerdə keçmişik. Biz hərbçi peşəsinin sirlərini Polad Həşimovdan öyrənmişik. O yüksək insani dəyərləri ilə hər kəsdən fərqlənirdi. Tabeliyindəki əsgər və zabitlərlə elə davranırdı ki, hər bir hərbi qulluqçu verilən tapşırıqları qüsursuz yerinə yetirməyə çalışırdı. Xidmət etdiyi hərbi hissələrdə hərbi qulluqçuların hərbi xidmətə sevgisini daha da artıran, onları ruhlandıran, ayıq-sayıq olmağa təşviq edən münasibətilə yadda qalırdı. O qədər sadə insan idi ki, əlinə külüng alıb əsgərlərlə bir yerdə səngər də qazırdı. Əsgərinə çay süzür, ehtiyacı olana yardım edir, hətta şəxsi əşyalarını belə onlara bağışlayırdı. Polad Həşimovu tanıyan hər kəs ona bir zabit kimi xüsusi rəğbət bəsləyir, bir insan kimi çox sevirdi”.

“2020-ci ildə iyulunda baş verən Tovuz döyüşləri göstərdi ki, Azərbaycanın Polad Həşimov kimi səngər generalı var. Onun şəhid olması xəbəri generalı yaxından tanıyan hər kəsi sarsıtmışdı. Lakin bizim Zəfər tariximiz məhz Polad Həşimovun şəhadətindən sonra başladı. Generalın qisasını almaq üçün cəbhəyə axışan gənclər onun qanını yerdə qoymadılar, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu gün 49-cu doğum gününü qeyd etdiyimiz Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar öz qorxmazlığı, cəsarəti ilə xalqımızın qəlbində əbədi yaşayacaqlar”, - deyə ehtiyatda olan mayor bildirib.