30 dekabr 2023 15:26
432

Türkmənistanda “Azəbaycan milli mətbəxi və musiqisi” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabadda “Azəbaycan milli mətbəxi və musiqisi” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan milli mətbəxi və musiqisi, eləcə də Azərbaycan-Türkmənistan münasibətlərinə dair qonaqlara məlumat verib və tədbir iştirakçılarını Yeni İl münasibətilə təbrik edib. 2023-cü ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan səfir Qismət Gözəlov bu gün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın bütün suveren ərazilərində əzəmətlə dalğalandığını qeyd edib.

Tədbirdə Türkmənistan XİN-nin Protokol İdarəsinin rəisi Nurmuhammet Berdiyev, Türkmənistanda akkreditə olunmuş ABŞ, Türkiyə, Rusiya, Pakistan, Yaponiya başda olmaqla xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak edib.

Tədbirdə iştirak edən səfirlər çıxış edərək, təbriklərini çatdırmış, ölkəmizə və Azərbaycan xalqına xoşbəxtlik, rifah və tərəqqi arzulayıb.

Ziyafətdə milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunmuşdur. Azərbaycan milli musiqi nümunələri səsləndirilib.

Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendinin məhsulları nümayiş etdirilmiş və qonaqlara təqdim olunub.