2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Culfa rayonunda ilin yekun tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova qeyd edib ki, 2022-ci ilin 29 sentyabrnda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı imzalanmış Sərəncamına əsasən Culfa Rayon İcra Hakimiyyəti tərəfindən il ərzində 40-a yaxın tədbir keçirilib. Keçirilən tədbirlərdə əsasən Ulu Öndərin siyasi irsi geniş şəkildə təbliğ edilib. Həmçinin əlamətdar il ilə bağlı konfranslar, seminarlar, sərgilər, konsertlər, film nümayişləri də keçirilməklə Ulu Öndərin xatirəsi yad edilib.
Sara Hüseynova bildirib ki, Heydər Əliyev zamanın və məkanın fövqündə dayanmağı bacaran əbədiyaşar şəxsiyyətdir. Onun əbədiyyətə çevrilmiş ömrünün hansı anına nəzər salırıqsa, kamillik, müdriklik, uzaqgörənlik kimi ali keyfiyyətlər görürük. Heydər Əliyev şəxsiyyəti milli dövlətçilik tariximizdə o qədər geniş və çoxşaxəli rola malikdir ki, onun hər cümləsini, fikrini, kəlamını nəzəri müddəa kimi götürüb geniş təhlilə cəlb etmək olar.
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Culfa rayon Dizə kənd tam orta məktəbin tarix müəllimi Zaur Ələsgərli çıxışlarında qeyd ediblər ki, bu gün öz inkişaf səviyyəsinə görə dünyanın ən öncül ölkələri sırasında qərarlaşan Azərbaycan Heydər Əliyevin arzularında, gələcəklə bağlı strateji baxışlarında şəkilləndirdiyi vətəndir. Tarixin ən güclü Azərbaycanıdır. Ümummilli Lider qurduğu dövlətin bu ucalıqlara yetişəcəyinə əmin idi. Çünki o, təməlini qoyduğu ideyaları davam etdirməyə malik olan liderin gücünə, Vətən sevgisinə inanırdı.
Sonra il ərzində Culfa rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərdə fəal iştirak edən 39 nəfər gənc Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Sonda Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” instrumental ansamblı konsert proqramı ilə çıxış edib.