İnfluenser Kyara Ferraninin şirkəti 1,18 milyon dollar (2 milyon manata yaxın) cərimələnib.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Antiinhisar Xidməti məlumat yayıb.
Ferrani "Balocco" ilə birlikdə Milad tortları seriyası yaradıb. Reklam kampaniyasında məhsulun satışından əldə edilən pulun bir hissəsinin uşaq xeyriyyə fonduna veriləcəyi bildirilmişdi. Lakin antiinhisar xidməti yoxlama aparıb və müəyyən edib ki, Ferranidən heç bir ödəniş daxil olmayıb. Təşkilat nümayəndələri bildiriblər ki, reklam və baha qiymətlər (bu brendin adi keksi 4 avroya, məhdud buraxılışı isə 9 avroya başa gəlir) istehlakçıları çaşdırır ki, tort almaqla onlar birbaşa xərçənglə mübarizəyə töhfə verirlər. Eyni zamanda, Ferrani şirkəti brendin dəyişdirilməsi və bununla bağlı reklam fəaliyyətləri üçün 1 milyon dollardan çox pul alıb.
Ferrani məsələ ilə bağlı açıqlama yayaraq cəzanı ədalətsiz hesab etdiyini, buna etiraz edərək gələcəkdə xeyriyyəçilik və ticarəti ayıracağını bildirib.
Qeyd edək ki, Ferrani dünyanın ən məşhur və yüksək gəlirli moda blogerlərindən biridir.