İstanbulda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin bir əsrinin tamam olması münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, “SOCAR Türkiyə”nin təşkilatçılığı ilə “Bir əsrlik dastan” mövzusunda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, eləcə də Türkiyə Cümhuriyyətinin keçdiyi bir əsrlik yolu özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Tədbirdə çıxış edən “SOCAR Türkiyə” şirkətinin baş direktoru Elçin İbadov 2023-cü il üçün xüsusi hazırlanan bu tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin bir əsri ilə yanaşı, həm də SOCAR-ın Türkiyədə fəaliyyətinin 15-ci ildönümünə həsr edildiyini deyib.
Bildirilib ki, ötən 15 ildə SOCAR 18 milyard ABŞ dollarından artıq sərmayə ilə Türkiyənin ən böyük sərmayədarı olub.
Elçin İbadov “SOCAR Türkiyə” olaraq tədbirə ev sahibliyi etməkdən qürur və sevinc hissi keçirdiklərini ifadə edib.
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva çıxışında bu ilin tariximiz baxımdan olduqca əhəmiyyətli hadisələrə şahidlik etdiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyət daşıdığını qeyd edən baş konsul Ulu Öndərimizin ölkəmiz üçün atdığı hər addımın azərbaycanlıların milli qürur və güvən mənbəyi olduğunu deyib.
Ulu Öndər Heydər Əliyevin türkçülük, xüsusilə Azərbaycan-Türkiyə birliyi naminə atdığı mühüm addımları xatırladan N. Mustafayeva bu gün bu birliyin Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüksək zirvəyə ucaldıldığını vurğulayıb.
Tədbirin əsas - bədii hissəsində Türk xalqlarına məxsus rəqslər nümayiş etdirilib.
İstanbulun ən möhtəşəm səhnələrindən biri olan Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan rəqs şousu Azərbaycan və Türkiyə xalqlarının keçdiyi zəngin tarixi və mədəni yolu tərənnüm edib.
Konsert boyunca Azərbaycan və Türkiyənin keçdiyi birəsrlik yolu əks etdirən fotoşəkillərdən ibarət videoçarxlar nümayiş olunub.