Respublikamızda ixtisaslaşmış hərbi təhsilin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən Ulu Öndər Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olmuşdur. Hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Məhz Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərində güzəştli şərtlərlə təhsil almaları mümkün oldu. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə vahid komandanlığa tabe olan ordu quruculuğu istiqamətində zəruri addımlar atıldı. Heydər Əliyev 1998-ci il mayın 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Prezident Heydər Əliyev Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarıilə yeni inkişaf mərhələsinə qaldırdı.
Ölkəmizdə sonrakı mərhələdə müasir texnika və peşəkar kadrlarla təchiz olunmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Cari il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində mülki əhali və infrastruktur ziyan çəkmədi. Bütün bu kimi faktlar ordumuzun yüksək səviyyəsindən, o cümlədən də hərbçilərimizin peşəkarlığından xəbər verir.
Postmüharibə dövründə də ölkəmizdə müasir ordu quruculuğu siyasəti uğurla davam etdirilir. Bu fəaliyyət bir neçə istiqamətdə aparılır. Yüksək səviyyəli peşəkar kadrların hazırlanması da bu mənada diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bu məqsədlə atılan növbəti addımdır. Yeni Fərman ordumuzun peşəkar kadrlarla təchizatına geniş imkanlar açacaq. Sənədə əsasən Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin üç ay müddətində yaradılmasını təmin edəcək. Sərəncamda geniş təşviq tədbirlərinin görülməsi nəzərdə tutulub. Sənəddə qeyd olunub ki, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilsin. Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq bəhs olunan sənədlə nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlara müvafiq məbləğlərdə aylıq ödəmələr veriləcək. Fərmanda digər güzəştlər də nəzərdə tutulub. Həmçinin Nazirlər Kabinetinə “Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnir.
Nigar Orucova, “İki sahil”