19 dekabr 2023 02:58
785

Qərbi Azərbaycanda mədəni irs soyqırımı

İrəvan qalasının və Əmir Səəd türbəsinin acınacaqlı taleyi bu siyasətin bariz nümunəsidir

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın XX əsrdə mərhələlərlə davam etmiş deportasiyası bu ərzazidəki tarixi abidələrimizin mənimsənilməsi, mümkün olmadıqda isə dağıdılması, yer adlarının isə dəyişdirilməsi ilə müşayiət olunmuşdur. 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, xalqımızın Ermənistan ərazisindəki etnik nişanələri də bütünlüklə mədəni irs soyqırımına məruz qalmışdır. Millətçi, təcavüzkar Ermənistanda – tarixən Qərbi Azərbaycan ərazisi sayılmış bu coğrafiyada min illər boyu yaşamız soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir. Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. Bu günlərdə “AzTV”nin “Həftə” ictimai-siyasi proqramında yayımlanan videoda İrəvandakı Əmir Səəd türbəsinin və İrəvan qalasının qalıqlarını əks etdirən kadrlar yer alıb. Həmin kadrlara baxarkən deyilənlər bir daha öz təsdiqini tapmış olur.

İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında vaxtilə mövcud olmuş, lakin “mədəni” ermənilərin terroruna məruz qoyularaq yer üzündən demək olar ki, silinən yüzlərlə tarixi-memarlıq abidələrindən biridir. Tarixə nəzər salsaq görərik ki, “alınmaz qala” adlandırılan İrəvan qalasının rus qoşunlarının fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində 1827-ci ildə işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatdırılmış oldu. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik etmiş, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan vermiş, casusluq fəaliyyəti göstərmişdilər. İrəvan qalasının alınmasındakı xidmələrinə görə İ.Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Qalanın işğalından dərhal sonra, ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşmışdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini orada qəbul etmişdi.

İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən çertyojunda göstərilən miqyasa əsasən aparılan hesablamalardan bəlli olur ki, uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı isə Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı. XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi. 50-ci illərdə qalanın içərisində müxtəlif tikinti işləri aparılmış və təmir-bərpa işləri görülmüşdü. Qalada rus hərbi hissələri və onlarla top saxlanılırdı. İrəvan qalası 1864-cü il martın 12-dək hərbi-istehkam qalası statusunu saxlamışdır. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarının, qüllələrinin daşlarını ətrafda yaşan sakinlər söküb aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır. 1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdi.

İrəvan qalasının və onun içərisində olan tarixi-memarlıq abidələrinin sökülüb dağıdılılması prosesi XIX əsrin sonu, XX əsrin əvvəllərində Türkiyə ərazisində erməni üsyanlarının yatırılmasından sonra Cənubi Qafqaza axışıb gələn erməni qaçqınlarının böyük bir qisminin İrəvan şəhərində məskunlaşmalarından sonra daha da sürətlənmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Əksər tədqiqatçıların təsdiq etdikləri kimi, Aleksandr Tamanyanın rəhbərliyi altında hazırlanan həmin baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir. Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, İrəvan şəhərində yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə qalmamışdır. Hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən “İrəvan qalasının açarı” da nümayiş etdirilir.

Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi memarlıq abidəsi qalıb ki, mənfur qonşularımız onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Xatırladaq ki, bir neçə il bundan əvvəl İrəvanın ətrafında XV əsrə aid türk əmirinin türbəsi aşkar edildiyi haqda məlumatlar yayıldı. Araşdırmalar zamanı məlum oldu ki, Pir Hüseyn türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi Ermənistanın Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbədir. XV əsrə aid müsəlman abidəsi olan türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilib. Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyn və Əmir Səədin (1411-ci ildə vəfat edib) adları çəkilib. Bu abidə aşkarlanandan sonra ermənilər, həmişə olduğu kimi, bu dəfə də də öz qondarma iddialarını davam etdirərək bildirirlər ki, türbənin inşasında “erməni hərfləri şəklin”də olan daşlardan istifadə olunub. Lakin bu türbə İrəvanın tarixi Azərbaycan şəhəri olduğunun daha bir sübutudur.

Ermənistan hökumətinin hazırda iki abidəni - Göy məscid və Əmir Səəd türbəsini saxlamaqda məqsədi çox məkrlidir və dünyaya göstərmək istəyirlər ki, guya Ermənistan türkfob və islamofob deyil və “fars məscidi”ni və “türkmən abidəsi”ni qoruyub təbliğ edir. Bu abidələrin heç biri Azərbaycan abidəsi kimi tanıdılmır, hər iki tarixi mədəniyyət abidəsi ciddi saxtalaşdırmaya məruz qalıb.

Sevinc Azadi, “İki sahil”