Ermənilər 30 illik işğal dövründə Qarabağ ərazisindəki mədəni irsi evlərdən, orada olan mədəni-tarixi əhəmiyyətli mərkəzlərdən oğurlayıb 15-ə yaxın tarixi-mədəni muzey yaradıblar.
“İki sahil” xəbər verir ki, bunu sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi şöbəsinin əməkdaşı Telman İbrahimov ölkəmizdə ilk dəfə keçirilən "Mədəni İrs" Forumunda panel müzakirə zamanı deyib.
"Silahlar, xalçalar, mis qab-qacaq və digər bu kimi tarixiliyi özündə ehtiva edən nümunələrin əksəriyyətinin üzərinə sonradan erməni yazıları yazılıb, onların erməniləşdirilməsinə cəhdlər olub. Bu o deməkdir ki, bu 30 ildə küllü miqdarda mədəni irsimizin yerdəyişməsi, saxtalaşdırılması baş verib", - o əlavə edib.
Telman İbrahimov ermənilərin Qarabağ ərazisində qeyri-qanuni arxeoloji qazıntılar aparmasına diqqət çəkib: "Ağdamda külli miqdarda arxeoloji nümunələr tapılaraq Xankəndidəki muzeyə aparılıb. Mən hesab edirəm ki, təcili şəkildə biz həmin muzeylərin monitorinqini aparmalı, oradakı saxtalaşdırmaya məruz qalmış nümunələrə hüquqi qiymət verilməsi, tarixi ədalətin bərpası üçün addım atmalıyıq. Yoxsa gecikəcəyik. Biz gecikdikcə onlar izi itirəcəklər".