"Mansuma Art School” rəsm kursunun üç illik fəaliyyətinə həsr olunan “Art is you” adlı qrup sərgisi öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, sərgidə çıxış edən "Mansuma Art School" rəsm kursunun rəhbəri, Azərbaycan Rəssamlar İttifaqızın üzvü Mənsumə Ələkbərova bildirib ki, rəhbərlik etdiyi mərkəz 3 ildən artıqdır ki, fəaliyyət göstərir. Əsasən gənclərin yer aldıgı mərkəzdə bu sahəyə yiyələnmək istəyənlərə yüksək səviyyəli dərslər keçirilir.
Belə bir sərgini keçirməkdə də məqsəd gənc rəssamlara stimul olmaq, onların yaradıcılığının nümayişi ilə yeni uğurlara imza atmaqdır.
M.Ələkbərova onu da bildirib ki, sərgidə 20 rəssamın 60-dan çox əsəri nümayiş olunur.
Əsərlərdə əsrarəngiz mənzərələr, rəssamların eləcə də daxili dünyalarının səsini, yaradıcı təfəkkürü, rəng zənginliyi öz əksini tapır. Bununla yanaşı əsərlərdə hər bir gənc rəssam bədii obrazların öz fərdi şərhini verir.
Müxtəlif mövzuları əhatə edən əsərlər natürmort, mənzərə, portret üslubundadir. Sərgidə olan əsərlərin hamısı birlikdə parlaq rənglər və maraqlı kompozisiyalarla rənglənmiş gənc rəssamların baxış müxtəlifliyinin böyük bir palitrasını təşkil edir.
Sərgi 2 gün davam edəcək.