11 dekabr 2023 11:54
552

Hərbi Prokurorluq Ulu Öndərin 100 illiyi ilə bağlı Gədəbəydə tədbir keçirib

Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gədəbəydə tədbir keçirib.

Hərbi Prokurorluqdan "İki sahil"ə verilən məlumata görə, rayon rəhbərliyinin, ictimaiyyətin və Müdafiə Nazirliyinin hərbi qulluqçularının iştirakı ilə "N" saylı hərbi hissədə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək nəhəng tarixi şəxsiyyətin və qəhrəman vətən övladlarının ruhlarına ehtiram ifadə olunub.

Bundan sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb. Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir Süleymanlı, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev, Gədəbəy rayon prokuroru, kiçik ədliyyə müşaviri Əli Babayev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb. Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi münasibətilə Hərbi Prokurorluq tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.