10 dekabr 2023 13:55
409

Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi gələcək nəsillər üçün çox uğurlu layihələrdəndir

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı çoxsaylı layihələr keçirilib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq müxtəlif təşkilatlar, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi tərəfindən çoxsaylı tədbirlər, eləcə də TÜRKSOY katibliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Şuşa şəhərində keçirilən Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransında söyləyib.

Nazir bildirib ki, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsinin gələcəkdə ortaq mədəni dəyərlərimizin, ortaq mədəni irsimizin qarşılıqlı, məzmunlu təqdim edilməsində, gələcək nəsillərə ötürülməsində xüsusi əhəmiyyəti olacaq.

“Türk dünyası mədəniyyət paytaxtları layihəsi 2010-cu ildən bu günə qədər ortaq türk mədəniyyətinin təbliğatında böyük töhfələr verib. Hər il türk dünyasını təmsil edən şəhərləri elan etməklə, o şəhərlərdə toplaşmaqla zəngin türk mədəniyyətini, ortaq türk dünyasını təmsil edən mədəni dəyərlərimizi birlikdə paylaşırıq. Ortaq təcrübələrimizi bölüşürük. Düşünürük ki, bu da gələcək nəsillər üçün çox uğurlu bir layihələrdən biridir”, – deyə Adil Kərimli bildirib.