"Ortaq türk mədəniyyətinin təbliği və təqdimatında TÜRKSOY-un əməyi əvəzsizdir".
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
"Biz də Azərbaycanın Mədəniyyət Nazirliyi olaraq, hər zaman onlara bu istiqamətdə lazımi dəstəyi verməyə hazırıq", - o deyib.
Nazir Azərbaycanın bu ilin sentyabrında həyata keçirdiyi lokal anti-terror tədbirlərinin türk dünyası üçün əhəmiyyətindən danışıb: "Düşünürük ki, bu ilin ən yadda qalan hadisələrdən biri də Azərbaycanın suverenliyini tam bərpa etməsidir. Bu, bütün türk dünyası üçün bayramdır".
Adil Kərimli böyük Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərinə toxunub.
"Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Şuşada və digər azad olunmuş ərazilərdə yerli və beynəlxalq tədbirlər həyata keçirilir. Bir sözlə, Şuşada, Qarabağda ənənəvi mədəni mühit yenidən canlanır və təbliğ olunur".
Mədəniyyət naziri çıxışının sonunda media nümayəndələrinə təbliğat istiqamətində gördüyü işlərə görə təşəkkürlərini ifadə edib.