22 noyabr 2023 18:48
289

Bu dünyaya bir Sabir Mirzəyev gəlmişdi...

Ötən əsrin 60-cı illərinin əvvəllərində o vaxtlar Astraxanbazar adlanan Cəlilabad rayonunun ucqar kəndlərindən birində yeniyetmə oğlan uşağı böyük sənətdə parlamaq niyyətini dilə gətirəndə heç kim, hətta həmin dövrdə Cənub bölgəsinin tanınmış xanəndələrindən olan atası Nüsrət kişi də qısa müddətdə onun arzusuna çatacağına inanmırdı. Döğrudur, Nüsrət Mirzəyev övladları Sabir və Habilin istedadlarını lap uşaqlıqlarından hiss etmişdi. Bununla belə Sabir arzusunu atasına bildirəndə Nüsrət kişi onun bu məqsədini tərəddüdlə qarşılayaraq demişdi: “Sabir, oğul, düzünü bilmək istəsən mən bu fikirdəyəm ki, Habildən xanəndə olacaq, amma səndən yox. Çünki sən çox utancaqsan.” Sabir isə cavabında qətiyyətlə “Ata, sən böyük istedad sahibi olmağına baxmayaraq, Salyandan o tərəfə keçə bilmədin, mənim isə bu dar çərçivədə qalıb pas atmaq fikrim yoxdu. Mən bütün Azərbaycanda tanınmalıyam” söyləmişdi.

“Urus balası”, sənin bu “Çahargah”ın top atacaq

Müasirlərinin söylədiklərinə görə, günlərin birində görkəmli muğam ustası Seyid Şuşinski gələcək tələbələrini seçmək üçün  bir qrup yeniyetməni növbə ilə oxudub səslərinə qulaq asırmış. Növbə “Astraxanbazardan gəlmiş urus balası”na çatır. Yeri gəlmişkən, sarışın olduğu üçün ilk gündən Seyid Şuşinski onu belə adlandırarmış. Sabir Mirzəyev muğam aləmində məşhurlaşanda belə sevimli müəllimi  üçün o, “Astraxanbazardan gələn urus balası” olaraq qalmışdı. Sabir “Çahargah” muğamını ifa etdikdən sonra heyrətini gizlədə bilməyən böyük sənətkar belə deyir: “ Urus balası, sənin bu “Çahargah”ın top atacaq.” Bununla kifayətlənməyən böyük sənətkar  üzünü təcrübəli muğam ustalarına tutaraq onları belə xəbərdar edir: “Astraxanbazardan  bir urus balası gəlib, hamınızın ananızı ağladacaq.”  Hətta uzun müddət bu bənzərsiz ifanın təsiri altında olan böyük sənətkar  boş vaxtlarında Sabir Mirzəyevin tələbə yoldaşı və dostu, Xalq artisti İslam Rzayevə deyərmiş ki, İsi,  get o “Astraxanbazardan gələn urus balası”nı çağır, gəlsin bir-iki ağız oxusun, qulaq asım.

 Bəli, böyük sənətkar qənaətində və dəyərləndirməsində yanılmamışdı. Həqiqətən də çox keçmədən “Astraxanbazardan gəlmiş urus balası”nın “Çahargah”ı muğam aləmində elə bir “top atdı” ki, səsi günü bu gün də qulaqlardan getmir. Xalq artisti Ağadadaş Ağayevin aradan neçə onilliklər keçdikdən sonra, 2011-ci ilin iyulunda Sabir Mirzəyevin dəfn mərasimində dediyi kimi, “o, xalqımızın  muğam mədəniyyətinin bənzərsiz nümunələrindən olan, yaşı minillərlə ölçülən “Çahargah”a özünün əbədi möhürünü vurdu. Bu möhürü heç kimə vermədi və özü ilə qəbir evinə apardı.”

“Səsinin dadı boğazımda qalıb, yoxsa...”

Sənət yoldaşlarının dediklərinə görə, səhnədə son dərəcə  ciddi, necə deyərlər, qaşqabaqlı görünən ifaçı həyatda  bir o qədər də sadə, gülərüz, xeyirxah, haqqı-ədaləti gözləyən, zarafatçıl, istisnasız olaraq bütün şənliklərdə, toy məclislərində müsbət aura yaratmağı, hər kəsi yola verməyi  bacaran pozitiv təbiətli bir insan idi. Toydan söhbət düşmüşkən,  onun  bu məclislərlə bağlı musiqi aləmində artıq lətifəyə çevrilən o qədər sərgüzəştləri  olub ki,  saymaqla bitməz.

Bir gün Cəlilabaddan bir seyid gəlib deyir ki, Sabir müəllim, əhd eləmişəm övladımın toyunda sən oxuyasan. Xanəndə  qayıdır ki, seyid, sənin dediyin tarixlərdə cəmi iki gün vaxtım var. Birini istirahət edəcəm, o biri gün də filarmoniyada konsertim olacaq.  Bağışla, gələ bilməyəcəm. Seyid  yalvar-yaxır edir  ki, mənim arzumu gözümdə qoyma, istirahət günündə oğlumun toyunu apar, cəddim sənə kömək olar. Xanəndənin razılığını alan seyid qayıdır ki, necə deyərlər, şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq.  Bəri başdan deyirəm, sənə 800 manat verəcəm, artığına gücüm çatmaz. Toyda camaat o qədər şabaş tökür ki, yığıb-yığışdırmaq olmur.  Məclisin sonunda seyid 800 manatı sayıb ona verir: “Sabir müəllim, nə 1 qəpik o yana, nə də 1 qəpik bu yana, danışdığımız kimi, sənə şabaşdan əlavə 800 manat verirəm.” O, heç nə demədən pulu alır, üstünə də 200 manat qoyub  toy sahibinə qaytarır və deyir: “Seyid, yaz  dəftərə   Sabir Mirzəyev 1000 manat.”

Başqa bir toy danışığı zamanı bəyin atası çox kasıb adam olduğunu bildirir  və xanəndədən dönə-dönə durumunu nəzərə almasını xahiş edir. S.Mirzəyev məclis günü həyətə girəndə görür ki, vəziyyət heç də “ağlayıb-sıtqıyan” toy sahibinin dediyi kimi deyil. Həyətdə bir mağar qurulub ki ucu-bucağı yoxdur. Mağarın yanında da dəbdəbəli bir villa. Villanın ətrafında isə kiçik bir daxma. Sabir Mirzəyev gedib daxmanın yanında dayanır və deyir: “Burada oxuyacam.” Çaş-baş qalan bəyin atası “Sabir müəllim,  toy orada deyil, villanın yanındakı mağardadır” deməklə öz aləmində onun “səhvini” düzəltdiyini düşünür.  Xanəndə isə qayıdır ki, biz bu evin dəyərində danışmışıq, villanın yox.

Bir dəfə Gəncədəki toy məclislərinin birində şəhərin, necə deyərlər, “bərk gedən” bir sakini ilə Sabir Mirzəyevin sözü çəp gəlir. Xanəndə eləmir tənbəllik həmin şəxsə möhkəm bir şillə ilişdirir. Gəncənin “bərk gedən”i  heç nə demir və qayıdıb oturur yerində. Məclisin sonunda həmin şəxs ifaçıya  yaxınlaşır, pencəyinin ətəyini qaldırıb belindəki tapançanı göstərib deyir: “Səsinin dadı boğazımda qalıb, yoxsa beynindən 2 deşik açardım.”

“Ay  köpək oğlu, bəsdi, ürəyimizi partlatdın ki!..”

Sabir Mirzəyevin cavan vaxtlarında mötəbər salonlardakı bütün konsertləri heyrətamiz tamaşaçı bolluğu, görünməmiş anşlaqla keçərmiş.  Tanınmış xanəndə, mərhum Xalq artisti  Səfa Qəhrəmanov deyirdi ki, bir dəfə  filarmoniyadakı konsertində Sabir o qədər zəngulə vurdu ki, az qaldı mənim ürəyim dayansın.  Muğam ustasının oğlu  İlham Mirzəyev bizimlə söhbətində bu kontekstdə maraqlı bir epizod nəql etdi: “Dəqiq xatırlaya bilmirəm, gərək ki, 7-ci sinifdə oxuyurdum. Həmin vaxt atamın filarmoniyadakı konsertlərindən  birində şahidi olduğum hadisə bu gün də gözlərim önündən getmir. O, tamaşaçıların xahişi ilə  ana haqqında muğamı  oxuyanda bir dənə olsun boş yerin olmadığı 1000 nəfərlik zala dərin sükut çökmüşdü. Necə deyərlər, milçək uçsaydı vızıltısı eşidilərdi. Bu dəmdə  arxa  cərgədəki tamaşaçılardan biri  qəflətən ayağa qalxıb “Ay  köpək oğlu, bəsdi, ürəyimizi partlatdın ki!”,- deyə qışqırdı. Bir anlığa nəzərlərini səhnədən çəkib arxa cərgəyə yönəldən tamaşaçılar onun bu emosional hərəkətinə dərindən şaqqanaq çəkib  gülüşdülər. Maraqlı orası idi  ki, söyüşün obyekti olan Sabir Mirzəyev də tamaşaçılara qoşulub ürəkdən gülməyə başladı.“

“Səsi mənə Allah verib, nə siqaret, nə də içki onu korlaya bilməz”

Deyilənə görə,  Sabir Mirzəyev lap gənc yaşlarından həddindən artıq  içkiyə meyilli, həm də dəhşətli dərəcədə siqaret çəkən olub. Bunları ona irad tutanda deyirmiş ki, səsi mənə Allah verib, nə siqaret, nə də içki  onu korlaya bilməz.

 Bu faktı oğlu İlham Mirzəyev də təsdiqləyir: “Atam fenomen bir insan idi. Yeganə səhvi o oldu ki, zamanında  səsini qorumadı. Siqaretin ən tündünü çəkirdi. Ömrünün axırına yaxın siqareti də, içkini də  tərgitdi, Məşhəd ziyarətində oldu. Artıq yaşlaşmış vaxtında bir dəfə ondan soruşdum ki, niyə səsini qorumadın? Bir anlığa dərin fikrə  gedib qayıtdı ki, o vaxt kənddən gəldim, düşdüm Bakıda elit həyata. İçkiyə, siqaretə başladım. Bununla belə heç vaxt səsimə, sənətimə xəyanət etmədim. Tez-tez deyərdi necə ki rəhmətlik Cabbar Qaryağdı oğlu ölən günə kimi oxudu,  özü də gəncliyində necə başlamışdı, elə də oxudu, mən də Cabbar əmi kimi son nəfəsimə kimi oxuyacam. Dediyi kimi də etdi. 2011-ci ilin iyulunda ürəyindən əməliyyat olunmaq üçün Təbrizdə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdiyi  günə kimi oxudu. Özü də gəncliyindəki kimi zildən, zəngulə vura-vura. Halbuki, ürək xəstəsi idi, həkimlər ona zildən oxumağı qadağan etmişdilər.”

 Rza şah Pəhləvi onun haqqında nə demişdi?..

Azərbaycan muğamının dünyanın 8-ci möcüzəsi olması artıq beynəlxalq səviyyədə təsdiqini tapmış faktdır. O da faktdır ki, bu möcüzəni yaşadanlar arasında bənzərsiz fitri istedad sahibi Sabir Mirzəyevin adı birincilər sırasında çəkilir. Bunu müsəlman Şərqinin tanınmış sımaları da təsdiq ediblər. Xanəndənin oğlu İlham Mirzəyev bununla bağlı maraqlı bir epizod danışdı: “Əslən Cənubi Azərbaycandan olan, atamın yaxın dostu rəhmətlik doktor Yaqub Quliyev (Cəngucu)  söyləyirdi ki, ifası İranda çox sevilən Sabir Mirzəyevin səsi-sorağı ötən əsrin 60-cı illərində Rza şah Pəhləviyə də gedib çatır. Onun kasetini gətirirlər və şah azərbaycanlı xanəndənin ifasında  “Cahargah”ı heyranlıqla dinlədikdən sonra heyrətini gizlədə bilməyib deyir ki, Şərqin bülbülüdür bu."

Yeri gəlmişkən, onu İran üslubunda oxumaqda suçlayan bədxahlarının iddialarına xanəndə belə reaksiya vermişdi: “Bəziləri məni İran muğam ifaçılığına xas zəngulələr vurmaqda suçlayır. Ola bilər, bəlkə də bu, mənə tanınmış xanəndə olmuş atam Nüsrətdən keçib. Hər bir halda, mən bunda bir qəbahət görmürəm. Axı, biz əslən Cənubi Azərbaycandanıq. O vaxtlar, dünyanın qarışıq zamanlarında atam  Arazın bu tayına keçib, sonra sərhəd bağlanıb, qalıb burada.” 

 “O, bu dünyanın adamı deyildi”

Oğlu İlham Mirzəyev atası haqqında bu fikirdədir. Deyir ki, Sabir Mirzəyevin ömrü boyu dünya malında gözü olmayıb: “Necə deyərlər, 1 milyon manatı olanda da, bir qəpiyi olmayanda da həmin Sabir idi.  Allah bütün övladlara Sabir kimi ata qismət eləsin. Ailəsini həddindən artıq sevirdi. Ən gərgin vaxtlarımızda belə o, qapını açıb  evə girəndə hamımızın üzünə sevinc, təbəssüm qonardı. Zarafatları da ki, başqa bir aləm idi. Son dərəcə azad insan idi. Kimin haqqında nə düşünürdüsə onu da dilinə gətirirdi. Elə bu xarakterinə  görə 57 yaşına qədər heç bir fəxri ad və titul almadı. Sanki onun yaşa dolub "ağıllanacağını" gözləyirdilər. O isə ömrünün sonuna qədər dəyişməz, idarəolunmaz olaraq qaldı.

 Ümumiyyətlə, atam zamanında ona fəxri ad verilməməsinə görə kimdəsə günah axtarmırdı. Doğrudur, ömrünün sonlarına yaxın ona Əməkdar artist fəxri adı, Prezident təqaüdü verdilər. Amma bunun üçün o, nəinki kimsənin qapısını döyməyib, and olsun Allaha ki, onların heç birindən xəbəri olmayıb.”

Yazıçı Şərif Ağayarın görkəmli muğam ustası haqqında aşağıdakı fikirləri onun portret cizgilərini tamamlayır desək,  şübhəsiz, yanılmarıq : “O, sənətkar azadlığının canlı nümunəsi idi və kimlərinsə addan, orden-medaldan, bahalı maşınlardan aldığı zövqü öz azadlığından, rahatlığından, asudəliyindən alırdı. Sabir müəllim ətrafındakı istisnasız çoxluqdan ona görə seçilirdi ki, bu çoxluq Nəsimidən, Füzulidən, Seyiddən tərkidünya, sufiyanə qəzəllər oxuya-oxuya dünya cifəsi üçün yüz oyundan çıxırdı. Həmkarlarının anlamadan oxuyub mədh etdiyi böyük Məcnunluq məqamına Sabir Mirzəyev onların hamısından daha yaxın idi. Bunu heç özü də bilmirdi.Və yaxşı ki, bilmirdi. Əsl aşiq, aşiq olduğunu bilməyəndir... Elə bu aşiqliyə görə Tanrı səs səltənətindən onun üçün çox təmiz, çox saf bir nəfəslik açmışdı və o nəfəslikdən ölümsüzlük iksiri tökülürdü. Onu sənətdə əbədi yaşadacaq iksir...”

Bəli, bu dünyaya bir Sabir Mirzəyev gəlmişdi. Öğlu İlham Mirzəyevin dediyi kimi, o, bu dünyanın adamı olmasa da, bu fani cahanda Tanrı tərəfindən ona ayrılmış 69 illik ömür payını kişi kimi, şərəflə, ləyaqətlə yaşadı. Yeri gəlmişkən, onun atası Nüsrət kişi də, Sabirin ölümünə dözməyərək ağlamaqdan gözləri tutulan kiçik qardaşı Habil də 69 yaşlarında bu dünyaya “əlvida” deyiblər. Təsadüfdürmü?..

Əhməd Qurbanoğlu, “İki sahil”