26 mart 2018 15:29
2099

Xalqımız cənab İlham Əliyevə bəslədiyi sevgini seçki məntəqələrində ifadə edəcək

Ölkəmiz  taleyüklü siyasi hadisənin astanasındadır.  Məlum olduğu kimi, aprelin 11-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Martın 19-dan start verilən təbliğat-təşviqat kampaniyasına “İki sahil” qəzeti də aktiv şəkildə qoşulub. Redaksiyamızın budəfəki qonağı Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur.

- Hüseynbala müəllim, öncə Azərbaycanın son 15 ildəki siyasi-ictimai, iqtisadi -sosial panoramasına nəzər salaq.

- İstər ölkəmizin böyük şəhərlərində, istər regionlarımızda vətəndaşlarımız artıq hər il, hər ay deyil, az qala hər gün 15 il ərzində özünü göstərən  sosial-iqtisadi inkişafın şahidi olurlar. Bu, bütün Azərbaycan vətəndaşlarının hər gün rastlaşdığı ürəkaçan mənzərədir. Ölkəmizin son illərdəki inkişafının ən böyük töhfəsi, eyni zamanda, ən bariz göstəricisi stabillikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevə bu stabillik, davamlı inkişaf üçün ürəkdən minnətdaram. Dünyanın hazırkı dəlisov zamanında respublikamızdakı bu stabillik əvəzolunmaz mənəvi nemətdir, böyük siyasi və əxlaqi üstünlükdür. Bu isə hər bir vətəndaşımızda sabaha ümidi artıran amildir. Bütün bunlar təbii ki, möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasi fəaliyyətinin nəticəsidir. Bu stabillik elə-belə yaranmır. Ölkəmizin inkişafını gözü götürməyən, uğurlarına diş qıcayan  xarici bədxah qüvvələri dəf etmək çox çətin, məsuliyyətli və şərəfli bir vəzifədir. Azərbaycanın həm sosial-iqtisadi, həm ictimai-siyasi həyatının hər bir sahəsində böyük artım statistikası var. Bu gün Azərbaycanın iqtisadiyyatı böyük sürətlə inkişaf edir, qeyri-neft sektorunda tərəqqi gündən-günə artır, işsizlik səviyyəsi birrəqəmli həddədir. Bu möhtəşəm artım statistikası hər birimizin qəlbini qürur hiss ilə doldurur. Bu iqtisadi- siyasi inkişaf panoramasının gələcəyini də çox gözəl görürəm. İnanıram ki, 7 il sonra da - 2025-ci ildə də bu inkişafın pik həddi haqqında söhbət açacağıq.

-  Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası seçkilərə “İlhamla irəli” devizi ilə qoşulub. Bu deviz altında seçicilərlə  keçirilən görüşlərdə seçkiöncəsi əhval-ruhiyyəni necə dəyərləndirirsiniz?

- Seçkilərin təbliğat-təşviqat kampaniyası başladıqdan sonra Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı bir sıra tədbirlər təşkil edib. Biz sadəcə tədbirlərin keçiriləcəyi ilə bağlı elan veririk və tədbir günü xalq görüşlərə axın edir, çox  böyük  qələbəlik olur. Bu görüşlərdə hər yaşdan olan insanlar iştirak edirlər. Seçicilərin əksəriyyəti çıxış üçün söz istəyir. Çıxışlarda vurğulanan başlıca məqam ondan ibarətdir ki, seçicilər ilk növbədə ölkədəki əmin -amanlıq, sabitlik üçün  Prezident İlham Əliyevə minnətdarlığını ifadə edirlər. Seçicilərlə görüş zamanı onlar seçkilərdə fəal iştirak edəcəklərini bildirirlər, cənab Prezidentə olan sevgilərini izhar edirlər  və seçkilərdə Yeni Azərbaycan Partiyasının vahid namizədi  İlham Əliyevə səs verəcəklərini bildirirlər.  O görüşləri böyük qürur hissilə aparıram. O görüşlərdə  vətəndaşlarımızda yüksək inkişaf etmiş milli mənlik  şüurunun təzahürlərini görəndə ürəyim dağa dönür. Fəxr olunası məqamlardır. Seçicilər Prezidentimizi aktiv şəkildə dəstəkləyirlər, Yeni Azərbaycan Partiyasının namizədinə alternativin olmadığını dönə-dönə vurğulayırlar.

Qeyd etdiyiniz kimi, Yeni Azərbaycan Partiyası seçkilərdə “İlhamla irəli” devizi ilə iştirak edir.  Bu sadə və möhtəşəm birləşmədə Azərbaycanın keçdiyi inkişaf yolu, eləcə də gələcəyə hesablanmış böyük hədəflər öz əksini tapıb. 15 ildir ki, respublikamız  dövlət başçısının rəhbərliyi  ilə işıqlı gələcəyə yol alıb. Biz hamımız bu qətiyyətli yolda həmişə Prezidentimizin, dövlətimizin yanındayıq. Əminəm ki, Azərbaycan hələ çox uzun illər “İlhamla irəli” devizi ilə öz möhtəşəm gələcəyinə doğru addımlayacaq. Artıq bizim milli şüurumuz 90-cı illərin milli şüuru deyil. Xalqımızın milli şüuru ötən illər ərzində  yüksək səviyyədə inkişaf edib. Məhz bunun nəticəsidir ki, bu gün xalqımızın çox böyük əksəriyyəti cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Keçirdiyimiz görüşlərdə seçicilər cənab İlham Əliyevin alternativsiz Prezident olduğunu və bundan sonra da belə olacağını vurğulayırlar. 

- Sonda Azərbaycan seçicisinə nə demək istərdiniz?

- Təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyimiz görüşlərdə seçicilərimizdə cənab Prezidentimizə olan sonsuz sevgini, güvən duyğusunu, inamı hiss edirəm. O görüşlərdə vurğulayıram ki, seçicilərin, bu sevgini, bu inamı ifadə etmələri üçün ən yaxşı yer seçki məntəqələridir. Həm o görüşlərdə, həm də qəzetiniz vasitəsilə Azərbaycan seçicisinə səslənmək istəyirəm: Əziz xalqımız, hamınızı seçkilərdə fəal iştirak etməyə çağırıram. Sizin səsiniz həlledicidir. Aprelin 11-də hamınızı qeydiyyatda olduğunuz seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının Sədri və vahid namizədi,  Azərbaycan xalqının böyük oğlu İlham Əliyevə səs verməyə çağırıram! Cənab İlham Əliyevə səs verməklə siz ailənizin rifahına, övladlarınızın xoşbəxt gələcəyinə, stabilliyə, əmin- amanlığa, davamlı inkişafa və ümumiyyətlə, doğma Azərbaycanımızın möhtəşəm sabahına səs vermiş olacaqsınız! Seçkilərə gəlin və cənab İlham Əliyeva bəslədiyiniz sevginizi seçki bülletenlərini imzalamaqla göstərin!

Sevinc Mürvətqızı