Azərbaycanın rayonlarında iş yerlərinin artırılması üçün hər biri üçün xüsusi iqtisadi proqramların hazırlanmasına ehtiyac var.
“İki sahil” xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.
"Bu proqramlarda həmin rayonların kənd təsərrüfatı, istehsal sahələri nəzərə alınaraq müəssisələrin açılması vacibdir", - J. Əliyeva əlavə edib.
Deputat qeyd edib ki, bu, həm də regionların daha mükəmməl və sürətli inkişafına səbəb ola bilər: “Digər tərəfdən, rayonlarda dövlət qurumlarının regionlaşdırılması səbəbilə artıq yerli səviyyədə icra hakimiyyətləri tərəfindən iş təmini imkanları da demək olar ki, sıfıra enib. Bu da müəyyən çətinliklər yaradır".