Təbii müalicə ehtiyatlarına malik Azərbaycanda bu ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şərait də yaradılıb. Azərbaycan ərazisi kurortlarla zəngin olan ölkələrdən biridir və həm istirahət, həm də müalicəni təmin edən müəssisələr sanatoriya mühafizə zonaları və digər kurort infrastrukturunun təşkili üçün hər cür imkan var. Ölkənin milli təbii sərvətləri sırasında kurort ehtiyatları onun infrastruktur sahələri iqtisadi və sosial əhəmiyyətə malikdir. Təbii kurort-sağlamlıq resurslarından istifadə etməklə xroniki xəstəliklərin müalicəsi, kliniki müalicədən sonra pasiyentlərin bərpası, həmçinin sağlamlığının bərpası və profilaktikası, rekreasiya tədbirləri əldə etmək olar. Belə təbii müalicə ehtiyatlarına mineral sular, müxtəlif növ palçıqlar, Naftalan nefti, yodlu-bromlu, duzlu göllər, iqlim-landşaft, qumlu çimərliklər və s. aiddir. Mütəxəssislər tərəfindən kurort ehtiyatlarının təsnifatında insanın sağlamlığı üçün lazım olan bütün landşaft və balneoloji amillərin cəmi nəzərə alınır və bunlar bir neçə xüsusiyyətlərinə görə qruplaşdırılır. Bunlar landşaft-iqlim xüsusiyyətləri, balneoloji ehtiyat potensialı, Naftalan müalicəvi nefti və palçıq vannaları, müalicə-sağlamlıq turizmində istifadə üçün əlverişlilik və ərazinin mənzərə müxtəlifliyi və ekoloji xüsusiyyətlərdir. Qeyd olunan xüsusiyyətlərin əsas göstəriciləri insanların sağlamlığının bərpası və mövcud texnologiyalardan istifadənin mümkünlüyünü nəzərə almaqla bərpa proseslərinə daxil edilir.
Azərbaycanda sağlamlıq turizmi üzrə əsas müştəri seqmenti ölkə vətəndaşları olaraq qalır. Belə ki, müalicə-sağlamlıq turizm xidmətlərindən istifadə edənlərin 68%-i Azərbaycan vətəndaşlarıdır. Ölkə vətəndaşları həmkarlar ittifaqı təşkilatlarının güzəştli yollayışlarından yararlanmaqla bərabər, fərdi sağlamlıq xidmətləri təklif edən müasir kurort mərkəzlərinə də üz tuturlar. Ölkədə ənənəvi güzəştli yollayışlar əsasında sanatoriyaların müalicə xidmətlərindən istifadə olunması dövlət və özəl müəssisələrdə çalışanların Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan müalicə-sağlamlıq müəssisələrindən istifadəsinə imkan verir.
Sağlamlıq turizmindən istifadə edən xarici turistlərin əsas hissəsi MDB məkanından gələnlərdən ibarətdir. Bunlar arasında Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan vətəndaşları Azərbaycandakı sağlamlıq turizm xidmətlərindən daha çox yararlanırlar. Onlar müalicə sağlamlıq xidmətlərinə üstünlük verməklə, ənənəvi olaraq daha çox Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərini seçirlər. Xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhur olan Naftalan neftindən, əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur. Ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində öz el-obalarından didərgin düşən insanların bir qismi şəhərdəki sanatoriyalarda məskunlaşmışdı. Son vaxtlarda Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülür və bu, davam etməkdədir. Vurğulamaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev hələ Azərbaycanda rəhbərliyinin birinci dövründə Naftalanın kurort və müalicə şəhəri kimi inkişaf etdirilməsi və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilib, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşıb.
Qeyd etmək yerinə düşər ki, müalicə-sağlamlıq məqsədilə ölkəmizdəki kükürdlü sulardan istifadə etməyə gələnlərin də sayında artım var. Bu tipli müalicə ocaqlarının sayının artırılması üçün ölkəmizdə çoxlu mineral bulaqlar var. Onların ətrafının abadlaşdırılıb dünya standartlarına uyğun müalicə mərkəzlərinə çevrilməsi üçün ölkə Prezidentinin tapşırığına əsasən, aidiyyəti qurumlar, ilk növbədə yerli icra hakimiyyəti orqanları lazımi işlər görürlər. Məsələn, Qubada, Qalaaltı suyunun yaxınlığında buraya gəlmək arzusunda olanlar üçün hər cür şərait yaradılıb. Masallıda İstisu müalicə mənbəyi, Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu dillər əzbəridir. Bu sular tərkibində 18 mineralı birləşdirir. Bu minerallar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Darıdağdakı sanatoriyanın xidmətindən və müalicəvi səmərəsindən razı qalan turistlərin söyləmələrini eşidib bura gəlmək arzusunda olan insanların sayı mövsümdən-mövsümə çoxalır. Qardaş Türkiyədən də xeyli sayda xəstə şəfa tapmaq üçün buraya gəlir.
Göründüyü kimi, Azərbaycanda müalicə-sağlamlıq turizminin beynəlxalq səviyyədə inkişafı üçün istənilən qədər potensial var. Buna görə ölkəmizdəki bütün təbii müalicə-sağlamlıq vasitələrinin xarici ölkələrdə təbliğinə diqqət artırılmalı, mövcud imkanlar daha da genişləndirilməlidir.
Nigar Orucova, “İki sahil”