30 mart 2018 23:57
1754

Vətəndaşımız birmənalı olaraq belə insanlara inanmır

Məlum olduğu kimi, aprelin 11-də respublikamızda prezident seçkiləri keçiriləcək. Ölkə gündəminin bu başlıca mövzusu ilə bağlı vaxtaşırı redaksiyamıza dəvət etdiyimiz dəyərli ziyalılar təbliğat-təşviqat kampaniyası, seçkiöncəsi durum və seçici fəallığı ilə bağlı suallarımızı cavablandırırlar. Budəfəki qonağımız Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat qrupunun üzvü Jalə Əliyevadır.

Həmsöhbətimiz son illərdə ölkəmizdə gedən inkişafın fonunda seçkiöncəsi vəziyyət, regionlarda seçicilərin seçkiyə hazırlığı barəsində fikirlərini bölüşüb: “ Azərbaycanın son 15 illik iqtisadi, sosial, siyasi inkişafı haqqında danışmaq üçün saatlarla vaxt əsla kifayət etməz. Bu aspektdən çıxış etmək üçün ölkəmizə, hər bir şəhərimizə, qəsəbəmizə, kəndimizə nəzər salsaq, nələrə nail oldugumuzu vizual olaraq görmüş olarıq. Gözəl bir ifadə var: görünən kəndə bələdçi lazım deyil. 15 ildə əldə etdiklərimiz sözün əsl mənasında əfsanəvi yüksəlişdir. İllər əvvəl demokratik yüksəliş yolunda irəliləməyə başlayan inkişaf tempi heç bir ölkənin yüksəliş sürəti ilə müqayisə edilə bilməz. Bu, sadəcə Azərbaycan vətəndaşının deyil, ölkəmizə gələn xarici tursitlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, müxtəlif öllkələrin prezidentlərinin verdikləri dəyərdir. Bu inkişafla fəxr etməyə dəyər.

Azərbaycan son illərdəki inkişafı ilə nəinki regionun, dünyanın ən əhəmiyyətli ölkələrindən birinə çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın iştirakı olmadan keçirilmir. İqtisadi - siyasi sahədəki uğurlarla ölkəmiz dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib. Bu, çox qürurverici məqamdır. Bu 15 ildəki inkişafımızın təməli hələ çox illər əvvəl ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dönməz siyasətin davamıdır. Bu siyasəti davam etdirmək hər birimizin vətəndaşlıq, ziyalılıq borcudur. Heydər Əliyev ideyalarının ölkədə bərqərar olması, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi Azərbaycanın uğurlarının təməlidir.

Azərbaycan insanı ölkəmizdəki inkişafdan məmnundur. Düşünürəm ki, Azərbaycanda seçkiöncəsi durum da bu məmnunluğa adekvat şəkildə özünü göstərir. Hər zaman xalqın arasında olan bir insan kimi gəldiyim nəticə bundan ibarətdir ki, Azərbaycan seçicisi ötən zaman ərzində sadəcə iqtisadi inkişaf yolu keçməyib, həm də siyasi baxımdan çox təkmilləşib, milli mənlik şüuru formalaşıb. Əvvəlki illərdə seçki təbliğatı ilə bağlı rayonlarda keçirilən görüşlərdə gəldiyim nəticəni geniş auditoriya qarşısında bəyan etmək istəyirəm. Görüşlərin birində bir ağsaqqal dedi ki, bizim bu təbliğat kampaniyasına ehtiyacımız yoxdur. Çünki bizim Prezidentimizin təbliğatçısı da, təşviqatçısı da onun əməlləridir, gördüyü böyükmiqyaslı işlərdir, fəaliyyətidir və hər bir azərbaycanlının Prezidenti olmasını bacarmasıdır. Biz vətəndaşımızın dövləti ilə bir olduğu belə görüşlərdən hətta kövrələrək ayrılırdıq. Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlardan biri də vətəndaş-dövlət birliyidir.

Son illərlə müqayisədə Azərbaycan xalqının seçkilərdə iştirak fəallığında böyük yüksəliş var. Hər bir vətəndaşımız artıq öz siyasi fəallığı ilə, səsinin əhəmiyyətini bilərək, gələcəyinin təminatının nələrdən asılı olduğunu çox yaxşı dərk edərək seçkilərə tam hazırdır. Regionlarda görüşlərə gedərkən hiss olunur ki, vətəndaşlarımız seçkilərə müəyyən vaxt qalmasına baxmayaraq artıq öz seçimlərini ediblər. Region əhalisi görüşlərdə də dilə gətirir ki, biz səsimizi hər birimizin Prezidenti olan, seçki platformasında əks olunan vədlərini yerinə yetirən cənab İlham Əliyevə verəcəyik”.

Deputat Jalə Əliyeva son dövrlərdə mühacirətdə yaşayan bəzi azərbaycanlıların dövlətimizin siyasi imicini zədələməyi hədəfləyən hədyan və həqarətlərinə adekvat cavab verməyin vacibliyini də vurğulayıb: “Son günlərdə, xüsusilə də seçki ərəfəsində bəzi bədxah qüvvələrin belə fəallaşmasını böyük təəssüf hissi ilə izləyirik. Onu da qeyd edim ki, bu, bizim üçün gözlənilməz deyildi. Azərbaycan mühüm bir tarixi dönəm qarşısında, hər hansı böyük bir tarixi hadisənin astanasında olanda istər “sapı özümüzdən olan baltalar”ın, istərsə də xarici qüvvələrin bu hədyanları ilə az, ya da çox dərəcədə qarşılaşıb. Bu təzyiqlər müxtəlif səpkidə olub. Bunlar seçkilərə böyük bir ruh yüksəkliyi və siyasi iradə ilə hazırlaşan Azərbaycan vətəndaşını çaşdırmaq niyyəti güdür. Bu isə çox ucuz və işlək olmayan mexanizmdir, sadəcə niyyət kimi də qalmağa məhkumdur. Azərbaycan xalqı həqiqəti yalandan ayırd etməyi yaxşı bacarır. Virtual aləmin sərbəstliyindən istifadə edərək bir qrup insanın çirkab atmaq, ləkələmək cəhdlərinə qarşı bu gün Azərbaycanda kütləvi etirazların olması onu deməyə əsas verir ki, şükürlər olsun, bizim hər bir vətəndaşımız bu məsələdə də çox ayıq-sayıqdır, belə hədyanlara layiqli cavab vermək gücündədir. Belə qüvvələrə sözüm odur ki, milli mentalitetimizə, əxlaq normalarına sığmayan ifadələri işlətməklə heç nəyə nail olmayacaqlar, heç kimin fikrini bulandırmağı bacarmayacaqlar, sadəcə özləri ürək bulandıracaqlar. Cünki siyasi mübarizənin də, təbliğatın da, antitəbliğatın da öz kriteriyaları, etikası, estetikası var. Vətəndaşımız birmənalı olaraq belə insanlara inanmır”.

Sonda müsahibimiz seçkilərlə bağlı xalqımıza çağırış edib: “Azərbaycan seçicisinə üzümü tutub onları aprelin 11-də öz nurlu sabahına, İlhamlı və işıqlı gələcəyinə səs verməyə çağırıram! İnanırıq ki, 11 aprel tarixi bir daha ulu öndərimiz Heydər Əliyev ideyalarının təntənəsi gününə, cənab İlham Əliyevin 15 ildə öz ölkəsi və xalqı üçün həyata keçirtdiyi böyük əməllərin güzgüsünə çevriləcək!”

Sevinc Mürvətqızı