Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavid anadan olmasının 141-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbirin iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavidin Xatirə Kompleksini ziyarət edib, ədibin məzarı önünə gül dəstələri düzüblər.
Mədəniyyət və ədəbiyyat nümayəndələrinin iştirakı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində gerçəkləşən tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Görkəmli dramaturqun bənzərsiz yaradıcılığı və bütöv, əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.Vurğulanıb ki, repressiyanın qanlı caynağı digər vətən sevdalı, milli ruhlu ziyalılarımız kimi Hüseyn Cavidin də həyatından yan keçməyib. Haqqında əsassız ittihamlar irəli sürülən, həbs olunub Sibirə sürgün edilən görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib. Şair haqqında imzalanan tarixi qərarlarla görkəmli şairin Bakı şəhərində və doğma Naxçıvanda ev muzeyi yaradılıb, 1996-ci ilin oktyabrında Ümummilli Liderin təşəbüsü və şəxsən iştirakı ilə Hüseyn Cavidin Naxçıvanda əzəmətli məqbərəsi ucaldılıb.
Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində işlərin bu gün də uğurla aparıldığını diqqətə çatdıran Aparat rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ədibin 120, 135, 140 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər sırasına daxil edilib. Dramaturqun doğulduğu Naxçıvan torpağında xatirəsi hər zaman əziz tutulur, əsərləri Naxçıvan Teatrında mütəmadi olaraq səhnələşdirilir, ev muzeyinin, zəngin irsinin qorunması, təbliği daim diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edib, bədii yaradıcılığına şeirlə başlayan şairin sonralar qələmə aldığı əsərlərin ədəbiyyatımızın qızıl fondunu təşkil etdiyini vurğulayıb.
Tədbir AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin kiçik elmi işçisi Səbinə Dünyamalıyevanın “Hüseyn Cavidin “Azər” poemasında bəşəri problemlər” və Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Ədəbiyyatımızda Hüseyn Cavid irsi” mövzusunda çıxışlarla davam edib.
Tədbirin bədii hissəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları - Xalq artisti Həsən Ağasoyun və Şölə Alışovanın ifasında Hüseyn Cavidin əsərlərindən parçalar bədii qiraət edilib.
Sonda Hüseyn Cavid guşəsinə baxış olub.