CASCFEN tərəfindən bu mövzuda keçirilən konfransda Ümummilli Liderin misilsiz tarixi xidmətləri xüsusi qeyd edildi
Oktyabrın 19-da “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində eyniadlı beynəlxalq konfrans keçirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirildikdən sonra konfransı layihə rəhbəri, CASCFEN-in sədri Nadir Azəri giriş sözü ilə açaraq ölkəmizdə ictimai sektora, QHT-lərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Həmçinin sözügedən layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi.
Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxışına davam edən N.Azəri vurğuladı ki, bu günlərdə Azərbaycan xalqı tarixi günlərə şahidlik edir: “Heç şübhəsiz ki, ölkəmizin hər bir uğuru, Qələbəsi bütün türk dünyasını sevindirir. Çünki bu gün türk dünyası birdir, bütövdür. Biz xoşbəxtik ki, bu birliyin, həmrəyliyin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətləri nəticəsində qoyulub.”

Videofilmin nümayişindən sonra konfransın moderatoru, Milli Məclisin Mədəniyyət komitəsinin əməkdaşı, layihə üzrə ekspert Əkbər Qoşalı Ulu Öndərin türk dünyasının birliyinin yaranmasında və inkişafında tarixi xidmətlərini vurğuladı. Qeyd etdi ki, iyulun 1-dən noyabrın 1-dək reallaşdırılan bu layihə gələcək nəsillərə Ulu Öndərin tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır: “Yəni, layihənin ideyasını türk dünyasının dərin inteqrasiyasına, türk dövlətləri arasında birliyə aparan yolda Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması üçün müxtəlif tədbirlərin, o cümlədən Bakıda və Naxçıvanda iki beynəlxalq konfransın, həmçinin ölkəmizdə məktəblilər və gənclər arasında mövzu ilə bağlı rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Həmçinin Türkiyə, Azərbaycan və digər türk ölkələrindən olan mütəxəssislərin fikirləri əsasında 5 yazı hazırlanıb.”
Ə.Qoşalı əlavə etdi ki, layihə çərçivəsində mövzu ilə əlaqədar məktəblilər və gənclər arasında rəsm müsabiqəsi də elan olunmuşdu: “Böyük maraqla qarşılanan müsabiqəyə 40-dan çox müraciət daxil oldu. Layihənin rəsm müsabiqəsi üzrə eksperti Ülkər Babayevanın rəhbərliyi ilə əsərlərin qəbulu və ilkin baxış prosesi yüksək səviyyədə həyata keçirilib. 22 əsər əsas finalçı kimi seçilib, həmçinin beş əsər də əlavə olaraq burada sərgilənir.”
Sonra çıxış edən ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı, Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel, Şimali Kipr Türk Respublikasının (KKTC) keçmiş xarici işlər naziri Kudret Özersay, KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin türk dünyasının birliyi naminə misilsiz tarixi xidmətlərini xüsusi vurğuladılar.
UNEC-in dekanı Mehmet Yücenin moderatorluğu ilə işini panel iclası şəklində davam etdirən konfransda çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Türkiyənin tanınmış elm xadimi, professor Ramazan Taşdurmaz, qardaş ölkənin Bakıdakı keçmiş səfiri Hulusi Kılıç və digərləri mövzu ətrafında fikirlərini bildirdilər.
Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin professoru Alper Özmenin, Qazaxıstan və Azərbaycan Yazıçılar birliklərinin üzvü Nəsihə Gumarqızının videoçıxışları nümayiş etdirildi.
Konfransın sonunda Ramazan Taşdurmaza, Mehmet Yüceyə, Azər Həsrətə, Əkbər Qoşalıya, Vüqar İskəndərova və tədbirin fəal iştirakçısı, iş adamı Fikrət Əliyevə CASCFEN-in diplomları təqdim edildi, rəsm müsabiqəsinin qalibləri və iştirakçıları mükafatlandırıldı.
Cavid Əkbərov, “İki sahil”