02 aprel 2018 23:21
1437

Uzunmüddətli sabitliyin və inkişafın müəllifi cənab İlham Əliyevdir

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir

- Hadi müəllim, ilk olaraq sizdən ölkəmizdə seçkiöncəsi mühiti qiymətləndirməyinizi xahiş edəcəyik.

-Məlumdur ki, dünyada qəbul olunmuş müəyyən siyasi texnologiyalar var. Seçki ərəfəsində siyasi partiyalar fəallaşır və siyasi mübarizə güclənir. Əlbəttə, bu fəallıq bəzən neqativ hallarla da müşayiət olunur. Azərbaycanda sözügedən xırda neqativ halları çıxmaq şərti ilə bütün seçkiöncəsi proses beynəlxalq normada qəbul olunmuş qaydalar əssında gedir. Yerlərdə hər gün müzakirələr aparılır, seçicilərlə görüşlərdə seçkiyə qatılan siyasi partiyaların nümayəndələri özlərinə seçicilərdən səs istəyirlər. Bu, artıq dünya təcrübəsində qəbul edilmiş bir kampaniyadır. Biz mütəmadi olaraq rayonlarda təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlərdə iştirak edirik. Mən artıq bir neçə rayonda bu cür tədbirlərdə iştirak edib, vətəndaşlarla ünsiyyətdə olmuşam. Açığını deyim ki, insanların mənim gözlədiyimdən daha çox fəallığının, mütəşəkkilliyinin, hüquqi normalara dəqiqliklə əməl etmələrinin şahidi olmuşam. Bu, məni çox sevindirir. Bu, eyni zamanda sübut edir ki, Azərbaycan cəmiyyəti sözün əsl mənasında insan hüquqlarına hörmət edən cəmiyyət kimi inkişaf etməkdədir. Hazırda seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirlər bunu bir daha sübut edir.

-  Üzvü olduğunuz Yeni Azərbaycan Partiyası seçkilərə “İlhamla irəli” devizi ilə gedir. İstərdik ümumiyyətlə, son 15 ildə ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən danışasınız.

- Məlum olduğu kimi, bu dəfə prezidentliyə namizdələrin sayı səkkizdir. Onlardan biri də dövlət başçısı cənab İlham Əliyevdir. İlk olaraq onu vurğulamalıyam ki, cənab İlham Əliyev artıq uzun illərdir ki, Azərbaycan siyasi elitasının tərkibindədir və dünya siyasətində öz yeri, öz sözü olan adamdır. Cənab İlham Əliyev o siyasətçidir ki, hələ keçən əsrin 80-ci illərində Moskva Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib, siyasi elmlər namizədi idi. Onun müdafiəsi  İngiltərədəki siyasi sistemlərlə bağlı idi. Baxın, o, siyasət mütəxəssisidir. Cənab İlham Əliyev parlamentin deputatı olarkən Avropa Şurasının sədr müavinlərindən biri idi və Azərbaycanı ləyaqətlə təmsil edirdi. İlham Əliyev xarizması Avropa Şurasında da qəbul olunurdu və bunun müqabilində ölkəmizin inkişafı naminə həmin illərdə bir sıra ciddi addımlar atıldı. Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, onun bəzi ağrılı tərəflərini aradan götürən şərait yaratdı.

Son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olmayan uğurlara imza atıb. Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rufah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb.

Respublikanın iqtisadi potensialının gücləndirilməsinə yönələn siyasət yaxşı nəticələr verib. Müqayisələr apardıqda aydın şəkildə görünür ki, son 15 ildə bütün dünyada Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib, ölkəyə müxtəlif mənbələrdən 231 milyard dollar həcmində sərmayələr yönəldilib. 

Respublikamız xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə də iqtisadi inkişafın ardıcıllığını təmin edir ki, bunun da əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Əslində, Azərbaycanda son 15 ildə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Son iki ildə isə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.

Son 15 ildə müxtəlif istiqamətlərdə dövlət əsaslı vəsait qoyuluşunun böyük həcmlərlə ölçülməsinə baxmayaraq, Azərbaycan paralel şəkildə strateji valyuta ehtiyatlarını artırmağa nail olub. 2004-cü ildə respublikamızın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollara bərabər idi. Ötən 15 il ərzində bu göstərici əhəmiyyətli dərəcədə artaraq 44 milyard dollara çatıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir ki, bu da olduqca yaxşı göstəricidir. Öz növbəsində strateji valyuta ehtiyatlarının artması ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır.

Bütün bu deyilənlərdən o qənaət hasil olur ki, son 15 ildə Azərbaycan güclü dayaqlara malik ölkəyə çevrilib və özünün iqtisadi müstəqilliyini tam təmin edib.  Öz növbəsində iqtisadi müstəqilliyin təmin edilməsi ölkənin siyasi müstəqilliyini şərtləndirir. İqtisadiyyatı çökən bir ölkə heç vaxt siyasi cəhətdən müstəqil ola bilməz. Belə ölkələr, bir qayda olaraq, başqa dövlətlərin yedəyində getmək məcburiyyətində qalırlar. İşğalçı  Ermənistanın miskin vəziyyəti buna misaldır.

- Hadi müəllim, yəqin ki, prezidentliyə namizədlərin çıxışlarına qulaq asırsınız. Maraqlıdır, teledebatlarda səsləndirilən fikirlərə münasibətiniz necədir?

-Əlbəttə, izləyirəm və düşünürəm ki, teledebatlar bir göstəricidir. Tamaşaçılar hərəsi özü üçün nəticə çıxarır. Danışıqlardan, məntiqi fikirlərdən, verilən sözlərdən. Bəzən fikir verirəm, namizədlərin biri elə vədlər verir ki, buna heç kim inanmır. Və ya digəri bir budaqda oturub, digərini silkləyir. Baxırsan ki, verilən vədlərin əsası yoxdur. Mən teledebatlarda çıxış edən namizədlərin fikirlərinə hörmət edirəm. Amma ölkə başçısı cənab İlham Əliyevin möhtəşəmliyini görənlər, onun xalq tərəfindən yekdilliklə seçiləcəyinə əmin olanda dünyanın digər başında oturub, ortalığı qarışdırmaq istəyirlər. Adlarını da siyasi mühacir qoyublar. Gəlin görək həmin insanların ümumiyyətlə, hər hansı siyasi bir fikir səsləndirdiyini görən varmı? Yoxdur. Onlar xaricdə oturub guya Azərbaycanın xeyrinə işlər görməklə məşğuldurlar. Hansı siyasi debatlarda olub, fikir söyləyiblər həmin şəxslər?! Hansısa şəxsi ambisiyalarını hər şeydən üstün tutan bir qrup insan xaricdəki tərəfdarları hesabına özlərinə iyrənc mübarizə forması seçiblər. Amma Azərbaycan xalqı ağıllı xalqdır və hər şeyi görür, ən düzgün qiyməti də verməyə qadirdir. Gərək bu işdə mətbuat, media işçiləri də aktiv və diqqətli olsunlar. Bəzən görürsən ki, dediyimiz bir sözü təhrif olunmuş formada yayıb insanlarda qıcıq yaradırlar. Belə xəbərlərlə nəyə nail olmaq istəyirlərsə bacarmayacaqlar. Çünki onların siyasi, ideoloji bazası yoxdur.

- Demək mümkündürmü ki, keçilən uğurlu yol, qazanılan nailiyyətlər aprelin 11-də insanların öz seçimlərini cənab İlham Əliyevlə bağlamaları üçün əsas olacaq?

- Son 15 ildə Prezident İlham Əliyevin apardığı siyasət, milli maraqların keşiyində qətiyyətlə dayanması ölkə vətəndaşlarında ona münasibətdə böyük inam formalaşdırıb. Ölkədəki uzunmüddətli sabitliyin, inkişafın müəllifi cənab İlham Əliyevdir. Respublikamızda cənab İlham Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq yaranan müsbət reallıqlar insanlarda qürur hissi və gələcəyə böyük inam yaradır. Azərbaycan xalqı 15 ildir ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur. Milyonlarla insanın, seçicilərin amalı budur ki, İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin!

Yerlərdən aldığımız məlumatlarda bildirilir ki, təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar. Bilirsiniz, bu və ya digər vasitələrlə çox az sayda insanı hansısa namizədin tərəfinə çəkmək mümkündür. YAP-ın namizədi İlham Əliyevə münasibətdə isə söhbət ümumxalq məhəbbətindən gedir.

Şəfiqə Dadaşova, “İki sahil”