Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası başa çatıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, iclasın bugünkü yekun tədbirində çıxış edən mədəniyyət naziri Adil Kərimli tədbirin çox uğurlu keçdiyini bildirib: "İclasda qəbul olunmuş qərarlar həm TÜRKSOY, həm də onun üzv dövlətləri üçün faydalı olacaq".
İclasda həmçinin maliyyə məsələlərinin tənzimlənməsi, kadr qaydaları, vəzifə və iş qaydaları və s. məsələlər üzrə vacib qərarlar alınıb.
Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.
Xatırladaq ki, iki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edəki ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.