“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Ağdaş rayon təşkilatı oktyabr ayının 13-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində tədbir keçirib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən olan, Azərbaycanın Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Sudeyf İmamverdiyev Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan danışıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etməsindən və qazanılan tarixi Zəfərdən söhbət açaraq Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın zirvələr qət etdiyini vurğulayıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov söyləyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Partiya fəalları Mirvari Ağayeva və Rüfət Məmmədov çıxışlarında qeyd ediblər ki, inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş inşa yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.