Oktyabrın 7-də Bakıda Argentina səfirliyi tərəfindən II Latın Amerikası Filmləri Festivalının açılışı olub.
“İki sahil” xəbər verir ki, noyabrın 25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrindən seçilmiş filmlərin nümayişi nəzərdə tutulub.
Tədbirin açılışında çıxış edən Argentinanın Azərbaycandakı səfiri Mariangeles Bellusci ölkələrimizin adət-ənənələri və mədəni dəyərləri arasında oxşarlıqların olduğunu vurğulayıb. O, bildirib ki, bu cür tədbirlər bir ölkənin dilini, musiqisini, adət-ənənələrini və dəyərlərini digər ölkədə paylaşmağa imkan verən ən gözəl vasitələrdəndir.
Argentinalı diplomat, həmçinin əlavə edib ki, bu gün nümayiş etdirilən “Los Corroboradores” sənədli filmi Buenos-Ayresin memarlıq tarixi ilə tamaşaçıları tanış edəcək və onlar üçün Argentinanın bu şəhərini kəşf etmək imkanı yaradacaq.
Sonra Luis Bernardez tərəfindən 2018-ci ildə çəkilmiş “Los Corroboradores” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Latın Amerikası Film Festivalı Bakıda ilk dəfə 2018-ci ildə keçirilib.