Ötən ilin martında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən yeni əlyazması tapılan “Kitabi Dədə Qorqud” dastanının restavrasiyası başa çatıb və Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən faksimil nəşri (orijinalın bütün elementləri saxlanılmaqla təkrar çap etmək, – N.P.) hazırlanıb.
Bu barədə “İki sahil”ə Dumlupınar Universitetinin professoru Ersen Ersoy məlumat verib.
Professorun sözlərinə görə, kitabın PDF versiyası da artıq hazırdır.
“PDF variantla Bursa Böyükşəhər Bələdiyyəsinin internet saytında tanış ola bilərsiniz”.
Ersen Ersoy əlyazmanın latın əlifbasına çevrilmiş versiyasının bir neçə aydan sonra nəşr olunacağını qeyd edib.
Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. "Türkmən-səhra", yaxud "Günbəd" adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, "Qazan xanım Əjdahanı öldürdüyü boy" da yer alır.