Ermənistanda könüllü olaraq xidmətə yazılan qadınlar qarşıdan gələn qış çağırışı zamanı ölkənin ordu sıralarına qoşulacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, çağırışçıların təxmini sayını təmin etmək üçün bütün resurslardan istifadə etməyə çağırıb.
Öz növbəsində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, idarə qadınları işə götürməyə hazırdır, lakin məktəblərdə görülən işləri nəzərə alaraq, əsas axının yayda olması gözlənilir.
“Biz qış çağırışı zamanı 18-27 yaşlı qadınları çağırmağa hazırıq”, - deyə müdafiə naziri Papikyan bildirib.
Buna cavab olaraq baş nazir diqqəti qış çağırışına ayırmağı təklif edib. Onun fikrincə, çağırışçıları kişi və qadına bölməyə ehtiyac yoxdur, onların hamısını əsgər saymaq lazımdır.
"Biz başa düşürük ki, bu, Ermənistan üçün tamamilə yeni institutdur. Biz lazımi səviyyədə təmin etmək üçün hər şeyi edirik", - Paşinyan qeyd edib.
Baş nazir qadınların patrul xidmətinə cəlb edilməsində problemlərin olduğunu xatırladıb. Ona görə də qərara alınıb ki, yaxın vaxtlarda vakant vəzifələr yalnız qadınlar tərəfindən tutulsun.