Son illər Fransa “kiçik bacı”sı Ermənistan naminə hansı addımlar atmadı ki? Təcavüzkar ölkəyə ikiillik mandatla 100 nəfərdən ibarət Avropa İttifaqının yeni missiyasının, daha doğrusu, hərbiləşmiş missiyanın göndərilməsinə müvəffəq oldu. Ermənistandakı səfirlik yanında əlavə hərbi attaşe təyin etdi. "Humanitar böhran" şousu yaradıb ölkəmizə qarşı təzyiq göstərmək üçün bəzi dövlətlərin gücündən istifadə etməyə çalışdı. Üstəlik, bu şounun daha real görünməsi üçün 10 yük avtomobili "humanitar yardım"ı sərhədlərimizə göndərdi. BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamə və ya sənəd qəbul edilməsinə nail olmağa çalışdı. Azərbaycana qarşı bir-birinin dalınca “bəyanatlar” səsləndirdi və s.
Amma rəsmi Bakının apardığı çevik siyasət nəticəsində Makron Fransası “bacısı”na gün ağlaya bilmədi. Üstəlik, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə iştirakı təmin olunmayan Emmanuel Makron o zaman danışıqlar prosesini əngəlləməyə nail olsa da sonradan bu proses bərpa edildi. Rəsmi Bakı Fransanın dünyanın müxtəlif yerlərində yürütdüyü neokolonializm siyasətini ifşa etməklə öz mövqeyini daha da gücləndirdi. Bununla da Cənubi Qafqazda mənasız işlərlə məşğul olan Fransa burada biabırçı flaskoya uğradı, reputasiyasına ciddi zərbələr vuruldu.
Bu adi həqiqəti artıq hətta Ermənistanın bəzi siyasi xadimləri etiraf edirlər. Məsələn, Ermənistanın keçmiş prezidenti, hərbi cani Serj Sarkisyanın kürəkəni, Vatikanda səfir işləmiş Mikael Minasyan deyib ki, əzizimiz Fransanın da səylərinə baxmayaraq, Paris belə regionumuzdakı problemləri həll etmək imkanına malik deyil: “Odur ki, biz boş ümidlərlə, əsrlər boyu yaşadığımız "infantilizm"i, Fransa gəmilərinin xilas üçün erməni dağlarına qalxacağına dair illüziyaları dayandırmalıyıq". O, həmçinin bu kimi məsələlərdə Fransanın Azərbaycanla heç vaxt bacara bilməyəcəyini də sözlərinə əlavə edib. Bu isə artıq Ermənistanın Azərbaycana qarşı bütün planları alt-üst olan Fransadan bir ümid gözləmədiyindən xəbər verir.
İnsan haqlarından dəm vuran, demokratiyanı əlində bayraq edən, daxili problemləri aşıb-daşan, antidemokratik idarəetməyə keçən, 44 günlük Vətən müharibəsindən indiyədək Azərbaycandan ciddi diplomatik zərbəlar alan rəsmi Parisin bundan sonra hansı üzlə Cənubi Qafqazda görünməyi sual altında idi. Amma son olaylar göstərir ki, Fransa yenə öz ampluasındadır. Belə ki, başda Prezident Emmanuel Makron, xarici işlər naziri Ketrin Kolonna, Paris meri Ann İdalqo olmaqla Fransa rəsmiləri sanki ermənilərdən daha artıq erməni olmaq uğrundakı “yarışı” davam etdirirlər. Yəni, onlar bütün mümkün vasitələrlə müxtəlif platformalarda Azərbaycana təzyiq göstərməyə çalışır, Cənubi Qafqazda sabitliyin yenidən pozulması, regionun əvvəlki kimi müharibə ocağına çevrilməsi üçün müxtəlif alçaq vasitələrə əl atırlar. Hətta açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdən və bunu demokratiya, humanizm pərdəsi ilə ört-basdır etməyə çalışan Fransa öz çirkin maraqları naminə taqətdən düşmüş Ermənistanı yenidən müharibəyə təhrik edir. Son məlumata görə, Fransa paytaxtının meri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisindəki erməni separatçılarının təxribatlarını dəstəkləmək məqsədilə vəsait ayırmağı da qərara alıb.
Göründüyü kimi, bütün uğursuzluqlarına baxmayaraq, “kor tutduğunu buraxmaz” prinsipi ilə hərəkət edən və bölgədə möhkəmlənmək istəyən Fransa yeni ssenarilər üzərində işləyir. Halbuki yuxarıda qeyd etdiyimiz kimi, artıq Ermənistan ona ümid yeri kimi baxmır. Bu yerdə məşhur Azərbaycan atalar məsələni xatırlamamaq olmur: İt motaldan əl çəksə də, motal itdən əl çəkmədi. Şübhəsiz, bütün bular motalın, yəni Fransanın bu kimi addımları Azərbaycanın son illər əldə etdiyi uğurları həzm edə bilməməsindən, rəsmi Bakını bölgədə nüfuz sahibi kimi görmək istəməməsindən irəli gəlir. Amma indiyədək Azərbaycanın Fransaya heç bir məsələdə güzəştə getməməsi rəsmi Bakıya əlavə dividendlər qazandırır. Bununla da sübut edir ki, Azərbaycan Fransa üçün meydan suladığı hansısa Afrika ölkəsi deyil. Başqa sözlə desək, Azərbaycan düşmənə və havadarlarına cavab verməyə qadir olan və kimsənin təsirinə düşməyən suveren dövlətdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”