06 sentyabr 2023 14:55
735

Yeni "nculture.gov.az" saytının təqdimatı olub - FOTO

Sentyabrın 5-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni “nculture.gov.az” saytının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Nazirliyin tabeli müəssisələrinin direktorları və əməkdaşlarının, şəhər, rayon idarə və şöbə müdirlərinin iştirak etdikləri mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı, heç şübhəsiz milli mədəniyyətimizin inkişaf startegiyasının həyata keçirilməsinə də öz müsbət təsirini göstərməkdədir. Yeni sayt Naxçıvan Muxtar Respublikası  Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında  müasir informasiya texnologiyalarından istifadənin, həmçinin informasiya təhlükəzliyinin təşkili  və təmin  edilməsinə dair 2023-cü il üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən,  müasir texnologiyalardan istifadə olunmaqla yenilənib.

Yeni rəsmi saytın istifadəyə verilməsinin dövlətimiz tərəfindən aparılan mədəniyyət siyasətinin  tərkib hissəsi olmaqla yanaşı, informasiya siyasətinin düzgün qurulmasına, vətəndaş müraciətinin əlçatanlığına xidmət etdiyini bildirən Həsən Seyidov əlavə edib ki, müasir tələblərə cavab verən yeni internet səhifəsi nazirlik və media resursları  ilə qurulan əlaqələrin təkmilləşməsinə öz müsbət təsirini göstərəcək. Yeni veb-sayt nazirlik tərəfindən atılan adımların, həyata keçirilən layihələlərin  ictimaiyyətə  daha operativ və dolğun çatdırılması ilə yanaşı, Naxçıvanın mədəni həyatının  güzgüsünə də çevriləcək.

Sonra  Mədəniyyət Nazirliyi Aparatının informasiya resurslarının idarə edilməsi üzrə aparıcı məsləhətçisi Anar Təhməzli  saytın tərtibatı, imkanları, istifadə qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, 8 əsas bölmədən ibarət olan  yeni saytda 50 alt bölmə olmaqla, ümumilikdə 215 aktiv bölmə fəaliyyət göstərəcək. Qeyd olunan bölmələrdə  muxtar respublikanın tarixi, təbiəti, flora və fuanası, Naxçıvan şəhəri və rayonların tarixi və bu günü, nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələr haqqında məlumatlar əks olunacaq. Bundan əlavə, rəsmi saytda  muxtar diyarın tarix-mədəniyyət abidələri, xalq yaradıcılığı, milli mətbəxi, sənətkarlığı, teatrı, musiqisi,  ədəbiyyatı, memarlığı, həmçinin ölkəmizdə mədəniyyətin inkişafına hesablanmış qanunvericilik bazası,  hesabatlar, elan və afişalar yer alır. Saytda yer alan  “Elektron müraciət” bölümü hər kəsə asanlıqla təklif və rəylərini nazirliyə ünvanlama  imkanı yaradır. Həmçinin nazirlik www.nculture.gov.az domeninə bağlı daha təhlükəsiz [email protected] mail adresi ile təmin olunub.

Təqdimat mərasiminin sonunda “nculture.gov.az” saytı haqqında videoçarx nümayiş olunub.