Son illər ərzində bizim ölkəmizdə də sevilən suşini demək olar ki, şəhərimizin bir çox məkanlarında dadmaq olar. Əgər suşi və rollar sizin maraq dairənizdədirsə, onda bir az yaxın oturun.
Suşinin vətəni haradır?
Suşinin eramızdan əvvəl 4-cü əsrdə Asiyanın cənub-şərqində, Mekonq çayı ətrafında və Çin ərazisində meydana gəldiyi güman edilir. 8-ci əsrdə Yaponiyaya gətirilən suşi ilk dəfə balıqların duzlanması, düyü ilə bükülməsi və daha uzun müddət saxlanılması üçün quyularda saxlanması zamanı ortaya çıxıb.
Müasir suşi növlərinin yaradıcısı kimdir?
Müasir suşi növləri 1820-ci ildə Hanai Yohei tərəfindən yaradılmış və fast food kimi satılmağa başlamışdı. Həm barmaqlarla, həm də çubuqlarla yeyilə bildiyi üçün onları fast food hesab edirdilər.
Qadınlar suşi niyə hazırlaya bilməzlər?
Deyilənlərə görə, Yaponiyanın ən məşhur restoranlarında suşi düzəldən aşpazlar yalnız kişilərdir. Yaponların düşüncələrinə görə, qadınlar suşi düzəldə bilməz. Çünki bu,qadınlarda hormonal dəyişikliklərlə bağlıdır. Həmin dönəmlərdə qadınların əlləri daha isti və ya soyuq ola bilir, bu da suşinin dadını poza bilər. Lakin buna baxmayaraq, Yaponiyada bütün aşpazların qadın olduğu bir suşi bar var. Həmin yer Tokionun Akihabara şəhərindəki "Nadeshiko" suşi-barıdır. Beləliklə, bu restoranın əsas aşbazı olan Yuki Chizui ölkədə hökm sürən patriorxat və qadınlara qarşı olan bütün haqsızlıqlar ilə mübarizə aparır.
Suşi çubuqları necə adlanır?
Hazırda Çin və ona yaxın ölkələrdə- Koreya, Yaponiya, Monqolustan, Tayvan, Vyetnam, Tayland, Sinqapur və başqalarında bu çubuqlardan istifadə olunur. Bu çubuqlara "varibaşi" deyilir. Lakin bəziləri onlara "haşi" də deyirlər.
Aşpazın ən az 10 il təcrübəsi olmalıdır
Heç bilirdinizmi ki, suşi aşpazı olmaq üçün ən azı 10 illik təcrübə lazımdır. İlk iki ili tədris prosesi kimi keçir. Daha sonrakı 8 il ərzində həmin tələbə şagird kimi yeni texnologiyalara yiyələnərək təcrübə keçir. Yaponiyada yalnız 10 il təcrübəsi olan aşpaz işə götürülərək, ondan sonra sifarişləri qəbul edə bilər.
Suşi bıçaqlarının itilənməsi çox önəmlidir
Yaponiyada suşi bıçaqlarını hər gün itiləmək vacibdir. Şuşini hazırlayan aşpazın bıçaqları, sanki samuray mirasıdır. Bu bıçaqlar nəsildən-nəsilə ötürülür. Yaponiyada Samuray öz ruhunun, öz qılıncının vəziyyətinin qayğısına qaldığı kimi, əsl aşpaz da bıçağın itiliyinə elə diqqət yetirir. Qədim adət-ənənəyə görə, suşi bıçaqlarının itilənməsi yaponlar tərəfindən gündəlik rejimə çevrilib,daha doğru desək bu, bütöv bir ritualdır.
ABŞ-da ilk suşi restoranı
Az qala min il tarixi olan Suşinin Yaponiyadan bütün dünyaya yayılması çox uzun vaxt aldı.Amerikada ilk suşi restoranı 1980- ci ildə açılıb və sonra bütün dünyaya yayılıb. Hazırda ABŞ-da təxminən 3946 suşi restoranı mövcuddur.Onların sayı getdikcə artır. Amerika suşi barları illik 2 milyard dollar gəlir gətirir.
Bu yemək hansı balıq növlərindən hazırlanır?
Adətən Suşi bütün növ çiy balıqlardan hazırlanır.Ancaq Yaponların ən çox istifadə etdiyi balıq Orkinos, yəni bildiyimiz tuna balığıdır.Çiy balıq yeyə bilməyənlər üçün isə ilan balığı (unagi) və Ahtapot (Octopus) dan suşi hazırlanır. Bu iki dəniz məhsulu bişmədən suşinin içinə vurulmur.Yaponiya imperatorluğu tərəfindən yeyilməsi qadağan olunan sadəcə bir balıq növü mövcuddur. Çay donuzu kimi tanınan Fugu adlı balıq,iç orqanlarındakı “Tetrodotoxin” zəhəri ilə bir insanı öldürə biləcək gücə sahibdir. Məhz buna görə bu növ balığın istifadə olunması Yaponiyada qadağan olunub.
Düzgün saxlanılma qaydaları
Suşi hazırlandıqdandan sonra tez yeyilməlidir. Bu yeməyin uzun müddət ərzində saxlanması heç məsləhət deyil. Onu yalnız soyuducuda 3-4 saat ərzində saxlamaq olar,o da üstünü selofan ilə örtsəniz. Suşiləri qurudulmuş vəziyyətdə də yemək tövsiyə edilmir.
Hamilə qadınlara qoyulan qadağa
Suşinin saşimi növü çiy balıqdan hazırlandığı üçün hamilə xanımların yeməsi məsləhət görülmür.Ancaq ümumilikdə suşinin ana və uşağa zərərli olması haqda heç bir elmi məlumatlar yayılmayıb.
Bakteriyalardan qorunmaq üçün nə etməli?
Çiy balıqdan insana keçə biləcək bir çox zərərli bakteriyalar var. Adətən bu bakteriyalardan qorunmaq üçün,suşinin yanında təqdim olunan soya sousuna, “wasabi” adı ilə tanınan yaşıl rəngli acı xardal əlavə olunur.Suşisevərlərin vaz keçə bilmədikləri bu xardaldakı acılıq, orqanizmi bakteriyalardan qoruyur.
2.5 km uzunluğunda olan roll
Rus aşpazları uzunluğu 2,5 km olan suşi roll hazırlayıblar. Hər kəsin marağına səbəb olan bu delikates rekordları vuraraq “ Ginnesin Rekordlar Kitabı”nda yer alıb.
Ən məşhur suşi növü
Bir çox ölkələrdə aparılan araşdırmalar göstərib ki, insanların bir çox hissəsi əsasən “Kaliforniya”adlı rolldan sifariş verirlər. Özü də bu delikatesin həvəskarları bunun səbəbini deyə bilmir.
Bəs görəsən ən bahalı suşi növü hansıdır?
2023-ci ildə Yaponiyanın Osaka şəhərində yerləşən “Sushi Kirimon” restoranı öz menyusuna ləzzətli, lakin çox bahalı suşi porsiyalarını əlavə edib. Burada 20 ədəd suşidən ibarət olan Kivami Omakase dəsti 350.000 Yapon yeninə (2.475 dollar) başa gəlir ki, bu da onu dünyanın ən bahalı suşisi edir.
Əvvəlki rekord 2010-cu ildə aşpaz Angelito Araneta Jr. tərəfindən qoyulmuşdu. Onun 24 karatlıq qızıla bükülmüş beş brilyantlı nigirisinin qiyməti 91.800 Filippin pesosuna yəni nə az, nə çox (1978 ABŞ dolları) başa gəlmişdi.
Dünyanın ən böyük suşi mozaikası
2014-ci ildə suşi üzrə ixtisaslaşmış yüzdən çox aşpaz Honq-Konqda 37,57 kvadratmetr ərazini əhatə edən nəhəng suşi mozaikasını yaratmışdır.
“Ginnesin Rekordlar Kitabı”na düşən dünyanın ən böyük suşi mozaikasının yaradılmasında qızıl balıq və tuna balığı ilə birlikdə 8 müxtəlif qida növlərindən hazırlanmış 20 min 647 ədəd suşidən istifadə edilib. Əvvəlki rekord 31,59 kvadratmetrlik suşi mozaikasını hazırlayan Norveç şirkətinə məxsus idi.
Honq-Konqda yaradılmış bu suşi mozaikasının xarab olmaması üçün o, temperaturu mənfi 4 dərəcə olan buz meydançası üzərində hazırlanmışdı. Həmin suşi mozaikası hazırlandıqdan sonra ictimaiyyətə pulsuz paylanılmışdı. Onun qalan hissəsi isə Honq Konqdakı evsizlərə verilmişdi.
Rolları hazırlayan avtomatlar
Yaponiyadan suşi hazırlayan aşpazların iş rejimi çox çətindir. Gecə-gündüz dayanmadan işləyən bu insanların əməyini heç olmasa bir az da asanlaşdırmaq üçün burada xüsusi avtomatlar hazırlanıb. Bu avtomatlara ödəniş etdikdən sonra sizin sifarişiniz bir neçə dəqiqəyə hazır olur.
Samirə Tağıyeva, “İki sahil”