Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə Göygöl rayonunda “Heydər Əliyev İli” çərçivəsində Qərbi Azərbaycanın Basarkeçər rayonu Zod icmasının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi torpaqlarımıza mütləq qayıdacağıq” mövzusunda konfransı keçirilib.
Qərbi Azərbaycan İcmasından “İki sahil”ə verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Göygöl şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ulu Öndərin dövlət quruculuğu və Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması, ölkə iqtisadiyyatının yenidən qurulması və inkişafı ilə bağlı gördüyü işlərə, rayonun sosial-iqtisadi cəhətdən inkişafına göstərilən dövlət qayğısına dair fikirlərini bölüşüb. Eyni zamanda ölkəmizin dinamik inkişafı, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasının, Qərbi Azərbaycan İcmasının yaradılmasının əhalisinin əksəriyyəti Qərbi Azərbaycandan olan Göygöl sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu məsələyə göstərilən dövlət qayğısının əhali tərəfindən real şəkildə hiss olunduğunu xüsusi olaraq qeyd edib.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycan məsələsinə Ulu Öndər Heydər Əliyevin həssas münasibətini vurğulayıb. Heydər Əliyevin torpaqlarımızın azad olunması, qayıdış məsələlərinin həlli ilə bağlı atdığı gələcəyə hesablanmış addımlar, qəbul etdiyi müdrik qərarlar barədə danışıb. Qeyd edib ki, Heydər Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı tutduğu mövqe, əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə və uğurla davam etdirilir.
QAİ-nin yaradılması və fəaliyyətinin təşkilinə göstərilən qayğı barədə danışan icma rəhbəri Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər, Qayıdış Konsepsiyasının mahiyyəti haqda məlumat verdi.
Tədbirdə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov da çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı rolundan, Qərbi Azərbaycan məsələsinə dair əsasını qoyduğu siyasi kursun mahiyyəti haqda danışıb. Bildirib ki, Ulu öndər Moskvada tutduğu yüksək vəzifələrdən getdikdən sonra ermənilər Qərbi Azərbaycanda və Qarabağda Azərbaycan xalqına qarşı növbəti dəfə məkrli siyasət yürütməyə, əhalini öz tarixi torpaqlarından deportasiya etməyə, etnik təmizləmə və soyqırımı aktlarını həyata keçirməyə başlayıblar.
Özünün, ailəsinin, həmkəndlilərinin ağrılı qaçqınlıq həyatına toxunan natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı üçün davamlı surətdə nəticəyönümlü islahatlar həyata keçirilir. Qərbi Azərbaycan məsələsinə istər ölkə daxilində, istərsə də xaricdə, beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində böyük diqqət ayrılır. Bunun sayəsində bütün dünya azərbaycanlıları kimi, qərbi azərbaycanlılar, Basarkeçər rayonunun Zod kəndindən olan qaçqınlar da ölkəninin ali rəhbərliyinin ətrafında sıx birləşərək bu siyasəti dəstəkləyirlər. Tədbirdə iştirak edən ağsaqqal Azadxan Haqverdiyev və Əməkdar müəllim Dilarə Qazıyeva da çıxış edərək Zod kəndindən olan insanların ağır qaçqınlıq həyatından bəhs ediblər, Qərbi Azərbaycana qayıdacaqlarına əhalinin güclü inamını ifadə ediblər.
Zod icmasının üzvlərinin fikirləri əsasında akademik Əhliman Əmiraslanovun Zod kənd icmasının rəhbəri seçilməsi təklifi yekdilliklə dəstəklənib.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli və İcmanın aparat rəhbəri Qalib Qasımov da iştirak ediblər.
Konfrans başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam etdirilib. Aşıq musiqisi, şeir, folklor nümunələri səsləndirilib.