14 iyul 2023 16:40
491

Ekspert: Daha az neft satmaqla daha çox pul qazanacağıq - EKSKLÜZİV

“OPEC-in fəaliyyət dövrünə nəzər yetirsək, pandemiya dövrünə qədər neft qiymətlərinə təsir edə biləcək hansısa ciddi bir addımları müşahidə etməmişdik. Amma pandemiya dövründə OPEC-in fəaliyyətində canlanma baş verdi. Bu dəfə artıq OPEC OPEC+ formatında daha ciddi fəaliyyətə başladı. Hətta elə bir ay olurdu ki, OPEC ayda üç dəfə toplantısı keçirilirdi. Buna  səbəb isə neft qiymətlərinin tənzimlənməsinə yaranan ehtiyac idi. Çünki OPEC-in verdiyi qərar bazarda təklifi azaltmağa imkan vermirdi. Amma OPEC+ ölkələri formalaşdıqdan sonra birgə verilmiş qərar təklifi azaldır və  təklifin azalması təbii olaraq neftin qiymətlərinin kəskin aşağı enişinin qarşısını alırdı. Sadə dillə  desək, bazara çıxarılan neft ona görə azaldılırdı ki, neftin qiyməti qalxsın.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert hesab edir ki, bu məsələlərdə Azərbaycan, Rusiya və OPEC-in üzvü olmayan digər ölkələr OPEC-lə birlikdə oldular və elə bu gün də OPEC+ formatında birgə çıxış edirlər: “OPEC-in özünün strategiyasında əsas məqsəd müəyyən ölkələri üzv edərək sıralarını genişləndirməklə qərar vermək rahatlığını həyata keçirməkdir.  Amma OPEC+ ölkələri formatında hər hansı əməkdaşlıq edilən ölkələr OPEC-in qərarları ilə razılaşmaya bilər.  Hesab edirəm ki, Azərbaycan da  OPEC-ə üzv olmaq fikrində deyil, plus formatında əməkdaşlıq edən ölkələr kateqoriyasında qalacaq. Daha sərbəst qərarların qəbul edilməsi üçün bu, daha doğru formatdır.”

Eldəniz Əmirov qeyd etdi ki, OPEC-in fəaliyyətinin yaranmasını zərurətə çevirən əsas səbəblərdən biri neft hasil edən ölkələrinin  maraqlarına uyğun gələn qərarların qəbul edilməsi ilə dünya bazarında bu sektorun tənzimlənməsini təmin edilməsidir: “Hazırki vəziyyətdə də neft qiymətlərində aşağı enmələri gözlənildiyi üçün hasilat həcmlərinin azalmasına qərar verilib. Bu məsələdə OPEC də, Azərbaycan da birliyin qərarına qoşuldu və ölkəmiz də hasilat həcmlərində müəyyən qədər azalmalara razılıq verildi.  Hesab edirəm ki, bu, Azərbaycana mənfəət baxımindan ikitərəfli müsbət təsir göstərir. Birincisi ona görə ki, ümumi qərar nəticə etibarı ilə neft qiymətinin artmasına kömək edir. Bu isə Azərbaycana daha az neft satmaqla daha çox pul qazanmağa imkan verir. İkinci tərəfi isə odur ki, Azərbaycanda neft hasilat həcmləri onsuz da azalır, Azərbaycan nefti limitsiz deyil və belə bir vəziyyətdə neftin hasilat həcmlərində olan azalmalar Azərbyacana həm də bunu gələcək nəsillər üçün, illər üçün daha uzun müddətli paylanmasına imkan verir. Bu baxımdan OPEC-in bu qərarı Azəbaycan üçün də faydalıdır.”

Könül Əliyeva, “İki sahil”