03 iyul 2023 22:34
328

Dini təhlükəsizliyin təmin edilməsində media amili

Müasir şəraitdə informasiya məkanının qorunması beynəlxalq münasibətlər sisteminin aktual problemlərindən birinə çevrilib

Bu gün Azərbaycan dünya çapında dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi baxımından nümunəvi ölkə kimi tanınır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modeli Azərbaycan cəmiyyətinin sağlam inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların dini etiqad azadlığına, tolerant münasibətə və hörmətə əsaslanır. Məhz bütün bunların nəticəsidir ki, istər ölkənin qanunvericilik aktlarında, ilk növbədə milli Konstitusiyada təsbit edilən din, vicdan azadlığı, istərsə də dövlətin siyasi xəttində dinə, dindarlara olan qayğıkeş münasibət ölkəmizin dinamik inkişafına, milli birlik və həmrəyliyə böyük töhfə verməkdədir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan ardıcıl surətdə dinlər, mədəniyyətlər, sivilizasiyalararası dialoq, tolerantlıq və multikulturalizm mövzularında çoxsaylı mötəbər beynəlxalq tədbirlərin uğurla keçirildiyi əsas məkana çevrilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu istiqamətlərdə keçirilən bir çox ölkədaxili və ölkəxarici tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Dini siyasiləşdirmək cəhdləri: Məqsəd nədir?

Bütün bunlarla yanaşı, ölkənin dini təhlükəsizliyinin etibarlı qorunması da Azərbaycan dövlətinin daim diqqət mərkəzində saxladığı prioritet  məsələlərdəndir. Məlumdur ki, müasir şəraitdə dünya gücləri beynəlxalq münasibətlər sistemində özlərinin hegemonluğunu qoruyub saxlamaq üçün digər təsir vasitələri ilə yanaşı, insanlararası münasibətdə ən həssas məqam olan din faktorundan da geniş istifadə etməyə cəhd göstərirlər. Nəzərə alsaq ki, bu gün nəinki ayrı-ayrı fərdlər, hətta xalqlar, dövlətlər arasında münasibətlərin qurulmasında və inkişafında din amili heç də az rol oynamır, belədə bu həssas məsələyə münasibətdə daim ayıq-sayıq olmağın necə böyük əhəmiyyət daşımasının miqyasını aydın təsəvvür edə bilərik. Məhz bütün bunları nəzərə alan Azərbaycan dövləti dini təhlükəsizliyin təmin edilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirməkdədir. Ölkəmizdə yüksələn xətt üzrə gedən sosial-iqtisadi inkişafın davamlılığı, oturuşmuş ictimai-siyasi sabitlik, əmin-amanlıq da bu işdə mühüm rol oynayır.

Artıq sirr deyil ki, bu gün dini radikalizmin və ekstremizmin əsas təzahür formalarından biri dinin siyasiləşdirilməsi, yaxud siyasi proseslərdə dindən bir alət kimi istifadə edilməsidir. Məlumdur ki, inanclı insanlar üçün dini dəyərlər olduqca həssas mövzudur. Hətta qatı dindar olmayan, lakin hansı dinə mənsub olduğunu dərk edən istənilən kütlə də bir çox hallarda daşıyıcısı olduğu dini dəyərləri müdafiə edir, bu dəyərlərin qorunmasına çalışır. Bu mənəvi duyğular, təəssüf ki, əksər hallarda dini siyasiləşdirmək istəyən qüvvələr üçün, necə deyərlər, göydəndüşmə fürsət olur və bu amil onlar tərəfindən bəzi səbatsız qrupların istismar vasitəsinə çevrilir. Hər bir müsəlman üçün müqəddəs hesab edilən “Qurani-Kərim”də yer alan surələr, ayələr, eyni zamanda, sevgili Peyğəmbərimizin hədisləri, tarixi-dini şəxsiyyətlərin müdrik kəlamları və digər dini motivli çağırışlar həmin qüvvələr tərəfindən kontekstdən çıxarılaraq birbaşa dinin siyasiləşdirilməsinə yönəldilir.

Media elə bir ideoloji silahdır ki...

Bu, bir reallıqdır ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri kimi çıxış edir. İKT-nin təsir dairəsi dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi, sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir. Bu baxımdan İKT-nin inkişafı, qlobal informasiya cəmiyyətinin formalaşması milli və beynəlxalq təhlükəsizlik üçün yeni risklər yaradır desək, şübhəsiz, səhv etmərik.

Elə götürək sosial medianı. Təəssüf ki, cəmiyyətdə dini radikalizm və ekstremizm təzahürlərinin geniş əl-qol açmasında sosial şəbəkələrin münbit platforma rolunu oynamaları günümüzün reallığıdır. Bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışır və bəzi hallarda məqsədlərinə nail olurlar. Təəssüflə qeyd etmək lazımdır ki, bu kimi cəhdlər nəticəsində bir çox hallarda Azərbaycanın sosial media məkanında da  müxtəlif dini təriqətlərlə bağlı cəmiyyətimiz üçün son dərəcə zərərli, təhlükəli informasiyalar yayılır. Hətta ayrı-ayrı dini təriqətləri üz-üzə qoymaq, onlar arasında düşmənçilik toxumu səpmək halları getdikcə təhlükəli məcraya yönəlməkdədir. Onu da açıq etiraf etmək lazımdır ki, dini sahədə bilgilərin az, yetərsiz olması ictimaiyyətə düzgün məlumat ötürülməsinə, cəmiyyətdə təhlükəli tendensiyaların formalaşmasının qarşısının alınmasına mane olur. Şübhəsiz, bu məsələdə medianın da üzərinə düşən konkret öhdəliklər var. Başqa cür ifadə etməli olsaq belə bir reallıqda cəmiyyətə təsir etmək baxımından əllərində media vasitələri kimi güclü ideoloji silah olan jurnalistlər öz sözlərini deməli, başqa sözlə, insanların dini radikalizmdən, ekstremizmdən  uzaq olmaları üçün təbliğat işini gücləndirməlidirlər. Təcrübə göstərir ki, dini qurumlarla media quruluşları daha çox birgə layihələr reallaşdırarlarsa, bu subyektlər arasında əməkdaşlıq daha geniş vüsət alarsa, maraqlı dairələr tərəfindən dinin siyasiləşdirilməsi, din amilindən dövlətlər və xalqlar arasında nifaq toxumu səpmək üçün istifadə etmək kimi təhlükəli tendensiyaların qarşısı vaxtında alınar.

Jurnalistlər təkcə maarifləndirmir, həm də...

Problemə bu prizmadan baxsaq məmnunluq hissi ilə vurğulaya bilərik ki, son illərdə Azərbaycanda media mənsublarının dini biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) jurnalistlərin dini sahədə maariflənməsinə mütəmadi olaraq köməklik göstərməsi müsbət haldır. Komitə bu günədək bir neçə maarifləndirici tədbirlər reallaşdırıb. DQİDK-nın və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda silsilə konfransların təşkili bunun bariz nümunəsidir.

Başqa müsbət təcrübələr də var. Məsələn, Azərbaycan  Mətbuat Şurası Qafqaz Müsəlmanları İdarəsi və DQİDK ilə birgə dini mövzuda yazan jurnalistlərin maariflənməsi istiqamətində çoxlu sayda tədbirlər keçirib. Bu kimi tədbirlərdə din adına iddia edən radikal düşüncə sahiblərinin ideoloji baxımdan zərərsizləşdirilməsi üçün azad mətbuatın maarifləndirmə işinə dəstək verməyin milli təhlükəsizliyimiz üçün də çox vacib amil olduğu diqqətə çatdırılır. Ümumiyyətlə, son illərdə DQİDK-nın ölkənin hüquq-mühafizə orqanları, eyni zamanda media ilə qurduğu səmərəli əməkdaşlıq nəzərəçarpacaq uğurlara səbəb olub. Maarifləndirmə işinin təşkilində komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun media ilə birlikdə çoxsaylı layihələr həyata keçirməsi xüsusilə təqdirəlayiqdir. Bu kimi tədbirlərin son nəticəsi kimi Azərbaycan jurnalistləri dini mövzularla bağlı yazılarda kifayət qədər peşəkarlıq nümayiş etdirirlər.

Radikalizmin yaratdığı təhdidlərlə mübarizə: Mediamız mümkün olanı edə bilirmi?..

Amma, eyni zamanda, onu da etiraf etməliyik ki, dini radikalizm və ekstremizm təzahürlərinin, əgər belə demək mümkündürsə, meydan suladığı müasir dövr hər bir ölkəyə dini təhlükəsizliyin təminatı üçün daha effektiv vasitələrə əl atmağın vacibliyini durmadan diktə edir. Axı, heç kim bilməsə də daim Ermənistan və İran kimi üzdəniraq qonşularının təhdidi altında yaşayan biz azərbaycanlılar yaxşı bilirik ki, bu gün dünyada səngimək bilməyən, əksər hallarda cəlbedici dini şüarlarla müşayiət olunan qanlı terror aktlarının, radikal dini qruplaşmaların ictimai-siyasi məsələlərə xain müdaxiləsinin mənfi nəticələrə gətirib çıxarması da reallıqdır. Bizə düşmən kəsilən bəzi dövlətlərin, xüsusilə adını “islam respublikası” qoyan, əsl həqiqətdə isə İslamın üz qarası olan İranın fars-molla rejiminin maraqlarına xidmət edən xain casus şəbəkəsinin ifşa edilməsi zamanı Azərbaycan KİV-nin istisnasız olaraq dövlətimizin və dövlətçiliyimizin yanında olmaları çağdaş tariximizə qürurverici hadisə kimi yazıldı. Son illərdə, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Qələbəsindən sonra İranın mənfur molla rejimi ölkəmizə qarşı əvvəllər müxtəlif forma və metodlarla “malalamağa” çalışdığı düşmənçilik siyasətini açıq şəkildə davam etdirir. Bu ilin ötən 6 ayında Azərbaycana qarşı törədilən terror aktları, hərbi və siyasi təxribatlar bir daha sübut edir ki, şovinist fars rejimi dayanmaq niyyətində deyil.

Gəlin bir daha bu il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə xaincəsinə edilən silahlı hücumu yada salaq. İranın fars-molla rejiminin sonradan bu siyasi aksiyaya hansı donu geyindirməyə çalışmasından asılı olmayaraq törədilən qanlı olay açıq-aydın dövlət terroru idi. Amma biz əvəzində nə gördük? Mollakratiya səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, iki əməkdaşın isə hücumun qarşısını alarkən yaralanması ilə nəticələnən terror aktına görə Azərbaycandan üzr istəmək əvəzinə daha bir dəhşətli terror aktına əl atdı. Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı İranın Azərbaycandakı casus şəbəkəsinin üzvləri tərəfindən terror aktı törədildi.

Araşdırmamızın sonunda bütün bu qaynar hadisələrin, xüsusilə ölkəmizə qarşı xain planlarını reallaşdırmaq üçün hətta şeytanın ağlına belə gəlməyən ən alçaq vasitələrə əl atan İranın fars-molla rejiminin bir an belə səngiməyən təxribatlarının fonunda “Azərbaycan mediası ölkənin dini təhlükəsizliyinin təmin olunmasında üzərinə düşən vəzifənin öhdəsindən gəlirmi” sualını bir kəlmə bu cür cavablandıra bilərik. Bəli. Amma bu, heç də o demək deyil ki, media bu sahədə işini bitmiş hesab edə bilər. Hesab edirik ki, media bu yöndə daha çox iş görmək imkanına malikdir. Xüsusilə son vaxtlarda dinin siyasiləşdirilmiş formada təqdim edilməsinin və yayılmasının yaratdığı  təhlükələrin, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə böyük öhdəliklər düşür və biz jurnalistlər bu məsuliyyətimizi bir an belə unutmamalıyıq. Media mənsubları olaraq çalışmalıyıq ki, milli və dini dəyərlərimiz düzgün təbliğ edilsin, dinimizin gözəllikləri, insanpərvərlik, həmrəylik çağırışları cəmiyyətə olduğu kimi çatdırılsın. Yalnız bu halda ölkəmizin dini təhlükəsizliyini tam təmin edə bilərik.

Cavid Əkbərov, “İki sahil”
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur