26 aprel 2018 14:45
1361

Çoxlarının düşünə bilmədiyi inkişaf Xəzər rayonunda reallaşıb

Müsahibimiz Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovdur

- Namiq müəllim, növbəti 7 ildə siyasi, iqtisadi və sosial sahələrdə daha hansı nailiyyətlər gözlənilir?

- Bu bir aksiomadır ki, seçicilərin  düzgün seçimi  ölkənin idarə olunmasında, inkişafında böyük rol oynayır. Xalq öz seçimini etdi və  növbəti 7 il üçün öz Prezidentini seçdi. Azərbaycan 2003-cü ildən etibarən sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Neft gəlirlərindən səmərəli istifadə olunması ilə bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və Azərbaycan qüdrətli dövlətə çevrilib.  Bu gün əldə etdiyimiz yüksək uğurlu nəticələr məhz cənab Prezidentin fəaliyyəti ilə bağlıdır. Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur.  Cənab İlham Əliyev iqtisadi tərəqqiyə uyğun olaraq əmək haqlarının, pensiyaların artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Təkcə son aylarda imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, “güclü dövlət, yüksək rifah” prinsipinin dövlət siyasətinin əsasında dayandığını aydın görərik. Yeni Azərbaycan Partiyasının bir üzvü kimi,  növbəti 7 ildə də ölkə rəhbərimizə uğurlar arzulayaraq əminliyimi ifadə edirəm ki, qarşıdakı illərdə ölkəmizdə bütün sahələrdə inkişaf daha da güclənəcək. Dünyada iqtisadi və maliyyə böhranının baş verməsinə və nəticələrinin bu günə qədər davam etməsinə baxmayaraq,  dövlət büdcəsindən sosial sahəyə ayrılmalar azalmadı, əksinə bu vəsaitlər daha da artırıldı. Yəni, dövlətimizin siyasəti sosialyönümlü, Azərbaycanın inkişafına yönələn siyasətdir ki, bu da öz bəhrəsini verir. İslahatların dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşməsi davamlı uğurlara yol açan əsas amillərdəndir.

Azərbaycan bu gün regionda aparıcı qüvvədir. Regionda böyük layihələrə investisiya qoymaq istəyən ölkələr mütləq Azərbaycanla məsləhətləşir və birgə addımlar atmağı özlərinə borc bilirlər. Hesab edirəm ki, növbəti illərdə də dünyanın bu çətin, qalmaqallı vaxtında, hər yerdə müharibə və münaqişələrin tüğyan etdiyi bir dövrdə Azərbaycan sakit,  firavan həyatını yaşayacaq.

- Son 15 ildə ölkəmizin və fəaliyyət göstərdiyiniz Xəzər rayonunun inkişafı gözünüzün qarşısında baş verib. 15 il əvvəllə müqayisədə hansı fərqlər var?

- Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda olan inkişaf da gözlərimiz qarşısında baş verib. Bu illər ərzində həyata keçirilən inkişaf o qədər böyükdür ki, deyərdim ki, yerlə göy arasındakı qədər fərq var. Xəzər rayonu Bakının demək olar ki, ən ucqar rayonlarından biri sayılır. Bu rayon əsas etibarilə neft sənayesi və kənd təsərrüfatı hesabına inkişaf edir. Əvvəllər Xəzər rayonunda yol, infrastruktur, qaz, işıq təminatı çox bərbad vəziyyətdə idi. Demək olar ki, yox səviyyəsində idi. Rayon əhalisi böyük problemlərlə üzləşirdilər. Xəzər rayonunda nəinki müstəqillik illərindən sonra, heç sovetlər dönəmində də su təchizatı yox idi. Bu rayonda mərkəzləşmiş su sistemi mövcud deyildi. Demək olar ki, rayonun bütün əhalisi qazma üsulu ilə quyu sularından istifadə edirdi. Bu sular da əsas etibarilə içməyə yararsız olurdu. İçməli suyu rayon əhalisi kənardan pulla alırdı. Müstəqilliyin ilk illərində zavod-fabriklərin fəaliyyətinin dayanması nəticəsində bu rayonda ən böyük çətinliklərdən biri işsizlik idi. Gənclər demək olar ki, iş tapa bilmirdilər. 15 il öncəki vəziyyətlə müqayisədə bu gün  Xəzər rayonu müqayisəolunmaz dərəcədə abadlaşmışdır. Burada inkişafın əsas amillərindən biri də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Xəzər rayonundan deputat seçilməsi oldu. Onun böyük, işgüzar  fəaliyyəti sayəsində Xəzər rayonunda köklü dəyişikliklər baş verdi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunda mühüm sosial və infrastruktur layihələri həyata keçirilmiş, tarixi və dini abidələr yenidən qurulmuşdur. Bu sırada yeni sosial obyektlərin inşası xüsusilə diqqəti cəlb edir. Belə ki, Xəzər rayonunda tələbata uyğun olaraq uşaq bağçaları, məktəblər, səhiyyə ocaqları tikilib və ya əsaslı təmir olunaraq əhalinin ixtiyarına verilib. Həm təhsildə, həm səhiyyədə, həm də aztəminatlı ailələrrin sosial rufah halının yaxşılaşdırılmasında, eyni zamanda,  ölkəmizdə müalicəsi olmayan xəstələrin xaricdə müalicəsinin təşkilində uğurlu nəticələr əldə olunub.

Bu gün Xəzər rayonunda bütün qəsəbədaxili yollar asfaltlanıb, Ceyrnabatandan Xəzər rayonuna mərkəzləşdirilmiş su sistemi çəkilib. Artıq hər bir ailə öz evlərində işməli sudan rahatlıqla istifadə edir. Çoxlarının düşünə bilmədiyi inkişaf bu gün Xəzər rayonunda reallaşıb. Hazırda Xəzər rayonunun qəsəbə və kəndlərində təmirsiz təhsil müəssisəsinə, yaxud da səhiyyə ocağına rast gəlmək mümkün deyil. Tikilib istifadəyə verilən müəssisələrin hamısı müasir avadanlıqlarla təchiz olunub. Buradakı bütün kənd və qəsəbələrdə mədəniyyət evləri, idman kompleksləri gənclərin istifadəsinə verilib. Bütün bunlar gənclərin  asudə vaxtlarının səmərəli təşkilinə, pis vərdişlərdən uzaqlaşmasına böyük təsir göstərir. Bu gün Xəzər rayonunda çoxsaylı bağçalar tikilib istifadəyə verilib. Hansı ki, 15 il əvvəl bunlar yox idi və yaxud çox pis vəziyyətdə idilər.

Rayon daxilində həyata keçirilən müsbət dəyişiklikləri sadalamaqla qurtarmaq mümkün deyil. Rayonun siması elə tanınmaz dərəcədə dəyişib ki, 15 il əvvəl bu rayona gələn insan demək olar ki, bu gözəl məkanı tanımaz.  Artıq Xəzər rayonu gözəl bir şəhər mərkəzinə çevrilib. Demək olar ki, bütün mərkəzi küçələr çilçıraqla bəzədilib, biri-birindən gözəl parklar rayonu bəzəyir. Həmçinin Xəzər rayonu Bakının kənd rayonu kimi yox, Bakının mərkəzi kimi diqqəti çəkir. Bütün bu işlər dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gərgin səylərinin nəticəsidir.  Əminliklə deyirəm ki, bu gün Xəzər rayonu Bakının mərkəzi rayonu kimi çıxış edir.

- Namiq müəllim, diqqəti bədnam qonşularımıza yönəltmək istərdim. Son günlər gündəmi Ermənistandakı siyasi xaosla bağlı məlumatlar zəbt edib. Sizcə Ermənistanda hazırda nə baş verir və bunun ölkəmiz, o cümlədən Dağlıq Qarabağ probleminin həlli üçün hansı müsbət rolu ola bilər?

- Ermənistandakı son hadisələr əslində çoxdan baş verməli idi. Sarkisyanın diktator rejimi çoxdan devrilməliydi. Xarici diaspor və qonşu dövlətlərin siyasi dəstəyi nəticəsində o, hakimiyyətini bu günə qədər davam etdirə bilmişdi. Ancaq növbəti dəfə onun yenidən baş nazir seçilməsinə erməni xalqı dözmədi və demək olar ki, icazə vermədi. Çünki Sarkisyanın işğalçı və təcavüzkar siyasəti burada əsas rol oynadı. Erməni xalqı başqasının torpağı uğrunda vuruşmaqdan, öz övladlarının Azərbaycan torpağı olan Qarabağda həlak olmasından artıq təngə gəldi. Bu günlərdə Ermənistanda keçirilən seçkiləri Avropa Birliyi müşahidəçi qismində izlədi və həmin seçkilərin qənaətbəxş olması haqqında rəy verdi. Amma bir həftə keçməmiş xalq onların ikili standartlara söykənən rəylərini alt-üst edərək Nazirlər Kabinetinin istefası tələbi ilə küçələrə axışdı və Serj Sarkisyanı siyasi səhnədən silməyə nail oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyətinə demokratik ruhlu insan gəlsə, təcavüzkarlıq siyasətinə son qoyaraq öz xalqını çətin vəziyyətdən çıxaracaq. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkərsə, işğal altındakı torpaqlarımızı geri qaytararsa, biz onlarla həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən əməkdaşlıq etməyə hazırıq.

Ermənistandan fərqli olaraq Azərbaycanda keçirilən seçkilər hakimiyyət-xalq birliyini, Azərbaycan əhalisinin öz Prezidentinə olan sonsuz güvənini və etimadını bir daha sübut etdi. Ulu öndər Heydər Əliyev öz həyatını xalqının, dövlətinin inkışafına necə həsr edirdisə, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev də həmin siyasi kursa sadiq qalaraq bu yolu uğurla davam etdirir. İllər öncə Ulu Öndər ölkəmizdə milli dirçəlişin əsasını qoydu, dövlət başçısı İlham Əliyev isə gözəl, inkişaf etmiş bugünkü Azərbaycanı yaratdı. Hesab edirəm ki, bundan sonra hamımızın vəzifəsi möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşib Azərbaycanımızın daha da inkişaf etməsinə çalışmaqdır.

Şəmsiyyə Əliqızı,
Sevinc Mürvətqızı “İki sahil”