Aprelin ayının 13-dən başlayaraq Ermənistanı ağuşuna alan etiraz aksiyalarının nəticəsində Serj Sarkisyan istefaya getdi. Müsahibimiz, politoloq Elşad Mirbəşiroğlu Ermənistandakı mövcud rejim və bundan sonrakı vəziyyət haqqındakı suallarımızı cavablandırdı.
- Elşad müəllim, ilk olaraq Serj Sarkisyanın istefasının pərdəarxası məqamlarından danışaq.
- Bilirsiniz ki, Sarkisyan artıq üçüncü dəfə hakimiyyət istəyinə nail olmuşdu. Baxmayaraq ki, ölkəni uçuruma aparmışdı, cinayətkar rejimin başında dayanırdı, amma bu ilə qədər istədiklərini həyata keçirə bilirdi. Məsələ burasındadır ki, Sarkisyanın baş nazir seçilməsindən sonra cəmiyyətin əhval-ruhiyyəsi bütövlükdə hakimiyyətin dəyişdirilməsinə və yaxud Sarkisyanın istefasına köklənməmişdi. Guya Nikol Paşinyan məxməri inqilab elan etmişdi. Halbuki Ermənistanda inqilabın əsas əlamətləri yox idi. Məhz bu baxımdan da Sarkisyanın vəzifədən gedəcəyi şübhə doğururdu.
- Əvvəlki müsahibəmizdə qeyd etmişdiniz ki, Ermənistanda baş verən iğtişaşlar hökuməti devirəcək qədər mütəşəkkil təşkil olunmayıb.
- Bəli, mən yenə də fikrimdə qalıram. Hər şeydən öncə bir məqamı qeyd etmək istəyirəm ki, əgər biz Gürcüstan, Qırğızıstan və Ukraynada baş vermiş inqilabları, məxməri çevrilişləri nəzərdən keçirsək görərik ki, bu ölkələrdə hər bir inqilabın özünün lideri var idi. Ermənistanda inqilabın lideri yox idi. Nikol Paşinyan xarizmatik lider deyildi və ümumiyyətlə, onda liderlik keyfiyyətləri yox idi. Sadəcə olaraq onun funksiyası kütlənin qabağına düşüb, İrəvanın küçələrində yeriməkdən ibarət olub. Mən bu prosesi etiraz aksiyası və mitinqdən daha çox xalq gəzintisinə bənzədirəm. İnqilabın digər bir əlaməti də var. Məsələn, biz kütlənin aqressiyasını görmədik. Məsələn, barrikadaların qurulması, mağazaların vitrinlərinin sındırılmasını və s. şahidi olmadıq. Bütün bunlar onu deməyə əsas verir ki, hər şey səhnələşdirilmişdi. Sarkisyanın özünü aparması da şübhəli idi. Əsas iki məqamı qeyd edəcəm. Birincisi, Sarkisyan parlamentdə səsvermədən sonra belə bir söz dedi. Söylədi ki, mən bilirəm ki, ermənilərin 60 faizi, bəlkə də çoxu məndən narazıdır. Bu, nə deməkdir?! Yəni, özü etiraf edirdi və insanlara deyirdi ki, məndən narazısınız, niyə küçələrə çıxmırsınız? Digər məsələ ondan ibarətdir ki, Sarkisyan bəlkə də siyasi savadının aşağı olması səbəbindən bir ifadə işlətdi. Dedi ki, Ermənistan artıq 2016-cı ilin aprel ayındakı Ermənistan deyil. Amma həmin o 2016-cı ilin aprelində deyirdi ki, biz qalib gəlmişik. Söhbət aprel döyüşlərindən gedir. Təbii ki, qısamüddətli döyüşlər Azərbaycanın zəfər tarixi idi. Həmin o döyüşlərdən sonra erməni generalları ard-arda istefaya göndərildi. Bütün bu reallıqların fonunda Sarkisyan deyirdi ki, məğlub olmamışıq. Amma indi deyir ki, biz həmin dövrdəki Ermənistan deyilik. Bu da ona qarşı istifadə olunacaq bir amil idi.
Bütün bunları təhlil edərək düşünürdüm ki, Sarkisyan istefaya getməyəcək. Müqayisə edirdim. Ən azından 2008-ci ildəki mart hadisələrindən sonra Sarkisyan ciddi qırğınlara getdi. Orada 7-8 nəfər həlak oldu, amma Sarkisyan hakimiyyətdə qaldı. Amma birdən-birə belə bir mövqe nümayiş etdirməsi və kütlə qarşısında deməsi ki, Paşinyan haqlıdır, mən səhvə yol vermişəm, bu heç də həmin o cinayətkar və qəddar Sarkisyana bənzəmirdi. Burada çox ciddi suallar yaranır. Görəsən səbəb nə idi ki, Sarkisyan bu cür mövqe nümayiş etdirdi?! Sarkisyanın belə bir humanist mövqeyi saxtadır. Pərdəarxası başqa məqamlar da var. Ola bilsin ki, müvəqqəti hökumət formalaşdırılsın, sonra növbədənkənar parlament seçkiləri keçirilsin. Yeni parlament seçiləndən sonra müvafiq olaraq baş nazir seçilməlidir. Yəni parlamentdə hansı siyasi partiya çoxluq əldə edəcəksə, o sıralarından baş nazir yerinə öz namizədini irəli sürəcək. Ola bilsin ki, koalision hökumət yaransın. Yəni bunlar mümkün ssenarilərdəndir. Təbii ki, Sarkisyana heç kim seçkilərdə iştirak etməyi qadağan etməyəcək. Ola bilsin ki, bu gün hakim sayılan Respublikaçılar Partiyası seçkilərdə iştirak etdi və yenə qalib gəldi
- Necə düşünürsünüz, Ermənistanın bundan sonrakı vəziyyəti erməni xalqının maraqlarına xidmət edəcəkmi?
- Düşünmürəm ki, vəziyyət erməni xalqının maraqlarına xidmət etsin. Birincisi, əgər erməni xalqının maraqlarına xidmət edəcək siyasət yürüdülürdüsə, ən azından bu iğtişaşların bir ideologiyası olmalı idi. Paşinyan nə üçün mübarizə aparırdı? Mən bir dəfə də görmədim ki, o çıxışlarında desin ki, biz erməni xalqı üçün mübarizə aparırıq. Onun şüarı ondan ibarət idi ki, Sarkisyan hakimiyyətdən getməlidir. Yəni dəyişiklik istəyirdi sadəcə.
- Əslində erməni kilsəsinin və hərbçilərin aksiyalara qoşulmaları ağıllara bəlkə də bu prosesin bir neçə il öncədən planlaşdırıldığını gətirdi.
- Bəli, aksiyalar hakimiyyətin məhz aqresiv bir şəkildə devrilməsinə hesablanmamışdı. Düşünürəm ki, proses şou xarakteri daşıyırdı. Gəlin diqqət yetirək, Paşinyanın özünün şəxsiyyəti kifayət qədər sual doğurur. Onun nə nitqində, nə də zahirində liderlik xüsusiyyətlərinə xas olan heç nə yox idi. Kürəyinə asdığı çanta da insanda qəribə təəssürat yaradırdı. Həyat yoldaşından soruşmuşdular ki, axı o çantanın içində nə var? O da demişdi ki, ilkin zəruri əşyalar var. Çünki 15 gündür küçələrdədir və evə gəlmir. Ən azından həyat yoldaşının ifadələrini ictimailəşdirməmək də olardı. Çünki bu, bir lider olaraq onun xarizmasına müsbət heç nə vermədi. İkinci bir məqam isə ondan ibarət idi ki, Paşinyan vaxtilə Petrosyana qarşı gedən bir insan idi. Sonra 2008-ci ilin prezident seçkiləri zamanı Paşinyan onun qərargahının seçki fəallarından biri oldu. Yəni mövqesiz bir insan olub. 7 ildən sonra azadlığa buraxıldı. Amma 2017-ci ildə şübhə doğuracaq bir şəkildə Ermənistan parlamentinin deputatı seçildi. Bunlar ondan xəbər verir ki, hakimiyyətin Paşinyanın üzərində əli olub. Hakimiyyətdə isə Sarkisyanın özü idi.
- Bəs hazırda Ermənistanda baş verənlər daha çox hansı tərəfin maraqlarına uyğun gəlir? Qərbin, yoxsa Rusiyanın?
- Məsələ burasındadır ki, Ermənistan Rusiya üçün olduqca önəmli bir ərazidir. Çünki Ermənistandan başqa postsovet ölkələrindən heç birinin ərazisində Rusiyanın hərbi bazası mövcud deyil. Demək olar ki, Ermənistanda bütün iqtisadi infrastruktura Rusiya nəzarət edir. Son zamanlarda tez-tez səslənir ki, Ermənistan Rusiyanın for-postudur. Bu ifadəni ilk dəfə olaraq Rusiya rəsmisindən eşitmişik. Ermənistan vasitəsilə Rusiya Türkiyə və İranla sərhəddir. Bu, çox önəmli məsələdir. Gələcəkdə bu istiqamətlərdəki siyasətini həyata keçirmək baxımından Rusiya üçün Ermənistan önəmli bir yerdir. Ona görə də rəsmi Moskva üçün bugünkü ən münasib kadr olan Sarkisyanın istefa verməsi müəmmalıdır.
- Elşad müəllim, amma istefadan qabaq da biz Rusiyanın Ermənsitanda baş verənlərə rəsmi və ya qeyri-rəsmi heç bir münasibətinin şahidi olmadıq.
- Tamamilə doğrudur. Şübhə doğuran məqamlardan da biri ondan ibarətdir ki, Rusiya mediası Ermənistandakı proseslərə yer vermir. Mariya Zaxarova isə dedi ki, erməni xalqına halal olsun, biz onun yanındayıq. Əgər bu iğtişaşlar Rusiyanın maraqlarına zidd idisə, Zaxarova heç vaxt o ifadələri işlətməzdi. Deməli, proseslər Rusiyanın maraqlarına xidmət yönündə cərəyan edir.
- Sizcə, hazırda erməni xalqı dünyaya “demokratik xalqdır, nə istədiyini bilir və buna nail oldu” kimi mesajları göndərə bildimi?
- Xeyir, mən düşünmürəm ki, erməni xalqı dünyaya demokratiya dərsi keçir. Əksinə, düşünürəm ki, yaxın iki-üç ay müddətində erməni xalqının əsl simasını görəcəyik. Əksinə, erməni xalqı növbəti dəfə sübut edir ki, onlar marionet bir xalqdır. Tarixdən bilirik ki, həmişə böyük dövlətlər dini zəmində münaqişə yaratmaq üçün məhz erməni xalqından kifayət qədər səmərəli istifadə ediblər. Deməli, bu xalq marionet xalqdır ki, digər ölkələr ondan istifadə edirlər.
Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”