25 iyun 2023 23:48
582

Altıncı nəsil müharibəsi

44 davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsi ordumuzun arsenalında yer alan yüksək dəqiqlikli silah sistemlərinin bu tip münaqişələrdə mübahisəsiz üstünlüklərini tam sübuta yetirdi

XX əsrin ortalarında peyda olmağa başlayan tamamilə yeni silah növləri bir çox ölkələrdə hərbi quruculuq işlərində dərin iz buraxmaqda davam edir. Söhbət son zamanlarda bir sıra aparıcı ölkələrdə yeni yüksək texnoloji, “intellektual” müharibə vasitələrinin ortaya çıxmasından gedir. Bu isə öz növbəsində, onların döyüş istifadəsinin uyğun forma və metodlarının müəyyənləşdirilməsini, strategiya və taktikanın əsas müddəalarına yenidən baxılmasını tələb edir. Çünki yüksək dəqiqlikli silahlar müasir döyüşün gedişatını, nəticə etibarilə müharibənin nəticələrini dəyişmək imkanına malikdir. Hərbi mütəxəssislərin fikrincə, davam edən elmi və texnoloji inqilab nəticəsində, artıq gələcək müharibənin – altıncı nəsil müharibənin xarakterini müəyyənləşdirəcək yüksək dəqiqlikli silahlar yaratmaq mümkün olmuşdur. Yüksək dəqiqlikli silahlar hücum edilən obyektlərə son dərəcə yüksək dəqiqlikdə nöqtə zərbələri endirməyə imkan verir. Bu silahlar, özünün hədəfə çatma hüdudlarında ən azı 0,5 ehtimal ilə ilk atışla (vuruşla) hədəfi məhv edə bilən idarə olunan silahlardır.

Xarici hərbi mütəxəssislər yüksək dəqiqlikli silahlara müxtəlif yerüstü, aviasiya və gəmi raket sistemlərini, idarəolunan silahların artilleriya komplekslərini, həmçinin kəşfiyyat-zərbə komplekslərini ayırırlar. Altıncı nəsil müharibənin əsas xüsusiyyəti həm də hava-kosmos-dəniz müharibəsinin yüksək dəqiqlikli silahların kütləvi istifadəsi ilə aparılmasından ibarətdir. Yeni, altıncı nəsil müharibə dördüncü nəslə nisbətən tamamilə yeni bir məzmuna sahib olacaqdır. Dövlətlərin silahlı qüvvələrində gələcəyin geniş miqyaslı müharibəsi üçün kifayət qədər yüksək dəqiqlikli silahların meydana çıxması ilə keçmişdəki bütün müharibələrin ən vacib hədəflərindən biri olaraq düşməni məğlub etmək və məhv etmək, yalnız cavab zərbəsi vasitələrinə qarşı kütləvi zərbələr endirməklə əldə edilə biləcəkdir. Düşmənin canlı qüvvəsinə gəldikdə isə canlı qüvvə ümumiyyətlə, zərbələrə məruz qalmaya bilər. Bunun əvəzinə düşmən ölkənin bütün dərinliklərində ünvanlı hədəfə alınan iqtisadiyyat obyektlərinə və düşmənin digər dəyərlərinə (dövlət idarəetmə sistemi, enerji mərkəzləri) qarşı çoxsaylı yüksək dəqiqlikli atəş zərbələri endiriləcəkdir. Eyni zamanda, quru qoşunları bazalarında strateji ehtiyatlarına zərbə vurmağa ehtiyac qalmayacaq, çünki bunlar altıncı nəsil müharibəsinin planlarına uyğun olaraq fəaliyyət göstərən tərəf üçün gələcək müharibələrdə təhlükə yaratmayacaqlar.

Mütəxəssislərin fikrincə, 44 gün davam edən Vətən müharibəsində raket-artilleriya silahlarının kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı əlaqədə istifadəsi əsasında Azərbaycan Ordusu XXI əsrdə yeni altıncı nəsil müharibə nümunəsi göstərmişdir. Azərbaycanın Zəfərlə başa vurduğu Vətən müharibəsində müasir silahların – pilotsuz kəşfiyyat və zərbə uçuş aparatlarının, süzən döyüş sursatlarının, hədəflərin yüksək dəqiqliklə məhv edilməsi vasitələrinin (raketlərin) – tətbiqi ilə aparılan döyüş fəaliyyətlərinin miqyası, üsulları və taktikası dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən çox diqqətlə öyrənilmişir. Müzəffər Azərbaycan Ordusu zərbə PUA-larından, idarə olunan digər silah sistemlərindən kütləvi istifadə etməklə əvvəlcə düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini, sonradan isə çoxsaylı zirehli texnikalarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəsini məhv etmişdir. Son illər ərzində Azərbaycan kəşfiyyat məlumatlarını qərargaha ötürən, döyüş sahəsindəki vəziyyətin real vaxt rejimində izlənilməsinə və qüvvələrinin hərəkətlərini korrektə etməyə imkan verən böyük miqdarda kəşfiyyat PUA-sı, müasir yüksək dəqiqlikli silahlar, xüsusən süzən sursat və zərbə PUA-ları əldə etmişdir. Bir sözlə, Azərbaycanın apardığı ədalətli müharibə yüksək dəqiqlikli silah sistemlərinin bu tip münaqişələrdə mübahisəsiz üstünlüklərini tam sübuta yetirmişdir.

Azərbaycan Ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Azərbaycan Ordusunun silahlanmasında yer alan, düşmənin texnikası və canlı qüvvəsini darmadağın edən “Bayraktar TB2”, “HAROP”, “İtiqovan”, “Zərbə”, “Orbiter” PUA-ları real döyüş şəraitində özünü doğrultmuş yüksək texnologiyaya malik müasir silahlardır. Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinin açılışında çıxış edərək bildirdi ki, Azərbaycan hərbi arsenalını gücləndirməklə yanaşı, 44 günlük müharibədə şücaətlər göstərmiş xüsusi təyinatlı birliklərin dağ-komando tağımlarının sayını da artırmaqdadır. Azərbaycanın yeni PUA-lar və uzaqmənzilli raketlər alacağı ilə bağlı məlumatların Prezidentin dilindən səsləndirilməsi çətin regional və qlobal proseslərin getdiyi, qeyri-müəyyənliklərin artdığı bir dünya reallığında ölkəmizin və Cənubi Qafqazın təhlükəsizliyi baxımından çox önəmlidir: “…müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Beləliklə, yeni nəsil müharibələrin əsas strateji və siyasi hədəflərinin yüksək dəqiqlikli silahları tətbiq etməklə bir sıra vəzifələrin həlli yolu ilə əldə ediləcəyi gözlənilir. Bu, nüvə silahlarının və onlarla birlikdə dördüncü, beşinci nəsil müharibələrin XXI əsrin ortalarına qədər tam tarixə qovuşacağı ehtimalını artırır. Lakin hərbi-siyasi vəziyyətin, dövlətlərin fərqli iqtisadi və hərbi imkanlarının mürəkkəb xarakterini nəzərə alaraq, bütün ölkələrdə altıncı nəsil müharibələri üçün kifayət qədər silah olmayacağı da şübhəsizdir. Onlar hələ uzun müddət fərqli nisbətlərdə fərqli nəsillərin silah və texnikasına sahib olaraq qalacaqlar.

Sevinc Azadi, “İki sahil”