20 iyun 2023 17:24
916

Naxçıvanda Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə keçirilən yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb FOTO

İyunun 20-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq, musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında təşkil edilən  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələrinin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının foyesində müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov əsası Ulu öndər Heydər Əliyev  tərəfindən qoyulmuş dövlət uşaq siyasəti haqqında danışıb. Bildirib ki, Azərbaycan musiqisinin inkişafı, təbliği, qorunması, yüksəlişi, sağlam ənənələr üzərində müasirləşməsi,müxtəlif janrlar üzrə peşəkarların yetişdirilməsi, gənclərin musiqi estetik tərbiyəsinin fəal və düzgün şəkildə qurulması Ulu Öndərin mədəniyyət siyasətinin mühüm bir mərhələsini təşkil edirdi.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyinin  “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən keçirilən müsabiqənin məqsədi  muxtar respublikada yaşayan istedadlı gənc və yeniyetmələri aşkar edib üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, onlara dövlət qayğısı göstərməkdir. Ümumilikdə 20 nominasiya üzrə keçirilən müsabiqəyə 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin 1000-ə yaxın şagirdi  qoşulub.

Həsən Kərimov müsabiqəyə qatılan hər bir iştirakçıya və müsabiqə boyu zəhmət çəkərək qiymətləndirmə aparmış Münsiflər Heyətinin üzvlərinə, o cümlədən müsabiqənin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkürümü bildirib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tədbirin mükafatlandırma mərəsimi gerçəkləşib. Mükafatlandırma mərsimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev,  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova və Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva da iştirak etmişdir. Mükafatlandırma mərasimində qaliblərlə ilə yanaşı  müsabiqədə qalib gələn iştirakçıların sayına görə fərqləndiyinə, müsabiqə iştirakçılarını yüksək peşəkarlıqla müşayiət etdiyinə, müsabiqənin təşkilində fərqlədiklərinə görə görə bir sıra uşaq musiqi və incəsənət məktəbi və müəllimləri  fəxri fərman və diplomla təltif edilib.

Həmçinin müsabiqənin şərtlərin əsasən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi qalib gələn iştirakçıların sayına görə fərqləndiyi üçün “İlin məktəbi” elan edilib və diplomla təltif edilib. Mükafatlandırma mərasiminin sonundamüsabiqə zamanı münsiflər heyətinin fəaliyyətində iştirak edərək yüksək peşəkarlıq və obyektivlik nümayiş etdirmiş muxtar respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Tədbirin bədii hissəsində müsabiqə qaliblərinin ifasında konsert proqramı təqdim edilib. Rəngarəng musiqi nömrələri ilə tamaşaçı qarşısına çıxan qaliblər izləyənlərdə xoş ovqat yaradıb. Konsert  müsabiqədə qrup rəqsləri nominasiyası üzrə 1-ci yerin qalibi Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivinin təqdimatında “Zəfər rəqsi” ilə sona çatıb.