İyunun 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılğı ilə Cəlil Məmmədəquluzadənin Ev Muzeyində “Ümummilli liderin yaratdığı Mirzə Cəlil ocağı - 25” adlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumatda qeyd edilir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Kərimov Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin ədəbiyyatımızın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını bildirib.
Qeyd olunub ki, böyük demokratın azərbaycançılığa, milli birliyə səsləyən əsərləri xalqımızın ən dəyərli sərvətidir. Yaradılmasının 25 illik yubileyi qeyd edilən Cəlil Məmmədquluzadənin Ev Muzeyi də məhz bu sərvətin qorunması, yaşadılmasına xidmət etməklə yanaşı ədibin yaradıcılığına verilən qiymətin, göstərilən dəyərin təzahürüdür. Ölkəmizdə ilk dəfə Naxçıvanda muzey yaratmaqla böyük bir mədəni yüksəlişə bayraqdarlıq edən ədibin Naxçıvan şəhərində xatirəsinin yaşadıldığı ünvanlardan biri olan bu muzeyin yaradılmasına Ümummilli Lider Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli Sərəncamı ilə başlanılıb, bir il sonra dahi Liderin şəxsən iştirakı ilə açılışı olub.
Ölkəmizdə muzey işinin inkişafı sahəsində Ümummilli Liderin müstəsna xidmətlərindən danışan Həsən Kərimov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, dahi Lider böyük ideallar naminə mübarizə aparan Cəlil Məmmədquluzadənin vətəndaşlıq cəsarətini, ana dilimizin saflığı, təmizliyi uğrunda apardığı mübarizəni yüksək dəyərləndirir, ədibin irsinin araşdırılıb geniş tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərirdi. Təsadüfi deyil ki, müstəqillik illərində ilk ev muzeyi yaradılan şəxsiyyətlərdən biri məhz Cəlil Məmmədquluzadə olub.
Çıxışının sonunda nazir müavini böyük demokratın ədəbi irsinin layiqli şəkildə qorunduğu muzeyin kollektivini əlamətdar gün münasibəti ilə təbrik edib, ənənəni davam etdirərək əsərlərini muzeyə hədiyyə edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədova və atası mərhum rəssam Qədirullah Bağırovun əsərini hədiyyə etdiyi üçün qızı Ülviyyə Məmmədovaya təşəkkürünü bildirib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Cəlil Məmmədquluzadənin zəngin irsindən danışıb, hekayələrinində çatırmaq istədiyi mətləblərə toxunub. Qeyd olunub ki, Mirzə Cəlil müasirimiz kimi bizə Vətəni bütöv, böyük görməyi, 50 milyonluq xalqın birliyini və bütövlüyünü yaratmağı təlqin edir.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Cəlil Məmmədquluzadənin irsini yaşadan mədəniyyət ocağı” mövzusunda məruzəsində ədibin dəyərli irsinin yaşadılması, gələcək nəsillərə ötürülməsində ev muzeyinin yaradılmasının əhəmiyyətindən danışıb, muzeydə yer alan eksponatların görkəmli dramaturqun azərbaycançılğa, milli birliyə, milli oyanışa səsləyən ideyalarından xəbər verdiyini bildirib.
Sonra muzeyin direktoru Aytən Ələkbərova Cəlil Məmmədquluzadənin Ev Muzeyinin 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədov tərəfindən dekorativ tətbiqi sənət əsəri və qızı Ülviyyə Məmmədova tərəfindən rəssam Qədirullah Bağırovun rəsm əsəri muzeyə hədiyyə edilib.
Tədbir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında yazıçının əsərlərinin bədii qiraəti və muzey ekspozisiyasına baxışla yekunlaşıb.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq