19 iyun 2023 23:59
415

Ordun varsa...

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan, eyni zamanda, postkonflikt mərhələsində də Silahlı Qüvvələr quruculuğunu davam etdirir

Dünyanın ən güclü ordu sıralarında qabaqcıl yer tutan Azərbaycan Ordusu İkinci Qarabağ  müharibəsindən sonra Silahlı Qüvvələrin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası  daha da modernləşir, mütəmadi keçirilən hərbi  təlimlər Silahlı Qüvvələrimizin gücünə güc qatır.

Sülh tərəfdarı olan Azərbaycan Ermənistandakı müharibə ritorikasını nəzərə alaraq ordunun möhkəmləndirilməsini yenə də diqqət mərkəzində saxlayır. Başqa sözlə, “Ordun varsa, yurdun var” məşhur atalar məsəlini reallığa çevirməklə yurdunun varlığını təsdiqləyən Azərbaycan postkonflikt dövründə ordu quruculuğunun İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla yeni yanaşma sərgiləyir. Belə ki, müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, paralel şəkildə strukturun çevikliyi, kadrların peşəkarlığı artırılır, yeni silahlı birləşmələr yaradılır. İşğaldan azad edilən ərazilərimizdə yaradılan komando briqadaları buna misaldır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadirdirlər.  Azərbaycanın müdafiə potensialının gücləndirilməsində digər mühüm istiqamət struktur islahatlarını əhatə edir. Burada ilk növbədə NATO daxilində ikinci ən güclü orduya sahib olan Türkiyənin təcrübəsinə istinad edilir. Məsələn, postmüharibə dövründə  bir sıra yeni silahlı birləşmələr, o cümlədən komando birlikləri yaradılıb və proses davam edir.  Komando birlikləri istənilən hərbi vəzifəni icra etməyə qadirdir, çevikliyi ilə fərqlənir.  Prezident İlham Əliyevin bildirdiyi kimi, yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət  edəcəklər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb. Qeyd edilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.

2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13,0 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və ya 55,7 faiz çoxdur.

Cari ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 milyard manat artırılır. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək.

Göründüyü kimi, Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğunu da zamanın tələbləri çərçivəsində həyata keçirərək Azərbaycan Ordusunun güclü orduya çevrilməsini təmin edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi olan bir hərbi qüvvəyə çevrilib.

Azərbaycanda hərbi sahəyə göstərilən diqqət sayəsində ordumuzun artan qüdrəti əbədi müstəqilliyimizə və regional təhlükəsizliyə təminat verəcəkdir. Azərbaycan müharibədən sonra da ordu quruculuğu, qoşunların döyüş hazırlığının daha da artırılması prosesini davam etdirir. Hərbi quruculuq, ordunun yüksək standartlara cavab verən texnika və silah-sursatla təchizatı üçün bu sahəyə ayrılan maliyyə vəsaitləri artırılır. Bu isə o deməkdir ki, döyüş meydanında hər zaman məğlubiyyətə məhkum Hayastanın dövlət kimi mövcudluğunu saxlaya bilmək üçün yalnız bir yolu var – Azərbaycanla düşmənçiliyə son qoymaq və sülh müqaviləsini imzalamaq.

Yaqut Ağaşahqızı, “İki sahil”