Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Böyük memar ömründən anlar” adlı fotosərginin açılış mərasimi olub.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, tədbirdə Əsaslı Tikinti İdarəsinin rəhbər heyəti və əməkdaşları iştirak edib.
Əvvəlcə, sərgi iştirakçılarına keçirilən tədbir haqqında məlumat verilərək bildirilib ki, Heydər Əliyev hələ 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub. O, memar olmaq istəyirdi, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməsə də Heydər Əliyev tarix yazan şəxsiyyət kimi Azərbaycan dövlətinin baş memarı oldu. Qeyd edilib ki, Ulu Öndərin qurduğu Azərbaycan dövləti, əsasını qoyduğu iqtisadi model və mədəni inkişaf monumental memarlıq əsəridir.
Daha sonra iştirakçılar fotosərgi ilə tanış olublar. Nümayiş etdirilən fotolar iştirakçılar arasında böyük marağa səbəb olub.
Qeyd edək ki, iyul ayının 15-dək davam edəcək fotosərgidə Ulu Öndərin həm sovet, həm də müstəqillik illərində şəxsi təşəbbüsü ilə inşa edilmiş unikal obyektlərin açılışı zamanı çəkilən fotoşəkillər nümayiş etdirilir.