05 iyun 2023 16:55
644

“Heydər Əliyev 100 il ” adlı jurnal işıq üzü görüb - FOTO/VİDEO

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar tədbirlər planına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Heydər Əliyev - 100 il” adlı jurnalın təqdimatı keçirilib. 

“İki sahil” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunan jurnalın təqdimat mərasimini giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini, bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu bildirib.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb. 

O, qeyd edib ki, Heydər Əliyev irsi böyük bir elmi məktəbdir: “Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda intibah dövrüdür. Azərbaycanın bugünkü inkişafını təmin edən ən böyük amil Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdir”.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə nəşr edilən jurnal təqdim olunub. 

Qeyd edilib ki, jurnalda Azərbaycana rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatında etdiyi inqilabi dəyişikliklərdən, yenidən qurulan yol təsərrüfatından,  Ulu Öndərin ideyaları sayəsində Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsindən, Prezident İlham Əliyevin Azərbaycanın yol infrastrukturunu müasir səviyyəyə çatdırmasından, Qarabağ və Şərqi Zəngəzurda qurulan dünyanın ən modern yol infrastrukturu layihələrindən və Azərbaycanın yol infrastrukturu sahəsində aparılan islahatların real nəticə verməsindən bəhs edilir. 

Jurnalda dərc edilən məqalələrin hər birinin başlığının və ideyasının Ümumilli Lider Heydər Əliyevin kəlamları əsasında hazırlandığı nəzərə çatdırılıb.

Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.