05 iyun 2023 13:46
521

Ulu Öndər Heydər Əliyevin xatirəsi Kəlbəcərdə anılıb - FOTO

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Hərbi Prokurorluqdan "İki sahil"ə bildiriblər ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi, ədliyyə polkovniki Nihad Şıxəliyev əvvəlcə Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıblar. Bundan sonra həmin şəxslər, eləcə də Kəlbəcər hərbi prokuroru, ədliyyə polkovniki Mahir Bayramov, polkovnik Oruc Abdullayev, mayor Anar Quliyev və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli, köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.