Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Hərbi Prokurorluqdan "İki sahil"ə bildiriblər ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov əvvəlcə Baş Prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Bundan sonra, həmin şəxslər, eləcə də Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, polkovnik Anar Nəsirli, polkovnik-leytenant Nadir Xanbabayev və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.
Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.