Heç kəsə sirr deyil ki, hər bir sahədə olduğu kimi, Azərbaycanda ədliyyə sisteminin hərtərəfli inkişafı sahəsində atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı hüquqi islahatlar nəticəsində ölkəmizdə yeni ədliyyə institutları yaradıldı, bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində də öz əksini tapdı.
Yerli özünüidarəetmə orqanlarının statusunun əsasları da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin təsis edilməsi, ilkin dövrdə formalaşması, habelə qanunvericilik bazasının hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir.
“İki sahil” xəbər verir ki, “Heydər Əliyev İli”ndə yerli özünüidarəetmə sahəsində görülən işləri regionda təbliğ etmək, habelə müzakirələr aparmaq məqsədilə 25 may 2023-cü il tarixində Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Qarağan Şıxlar kəndində seçki dairəsi üzrə bələdiyyə sədrləri və seçicilərlə “Heydər Əliyev və yerli özünüidarəetmə orqanları” mövzusunda görüş keçirdi.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə başlandı.
Çıxış edən M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycanın son 50 ilinin hər birində Ulu Öndər Heydər Əliyevin zəhməti olduğundan söz açaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmənin yaranması, formalaşmasında da Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi.
Müstəqillik illərində bu sahənin sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə yerli özünüidarəetmənin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini, bələdiyyələrin cəmiyyətdə rolunun artdığını diqqətə çatdırdı: “Bu gün biz qətiyyətlə deyirik ki, Heydər Əliyev Azərbaycan konstitusiyasının banisidir. Yerli özünüidarəetmənin qanunvericilik əsasları məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin səyi nəticəsində yerli özünüidarəetmə strukturu Azərbaycan Respublikasının Konstitusiyasına salınıb, Konstitusiya vasitəsi ilə tənzimlənir.”
Eyni zamanda millət vəkili təmsil etdiyi Regional məsələlər komitəsinin də keçdiyimiz illərdə bu sahənin inkişafı ilə bağlı qəbul olunan Qanun layihələrinə dair məlumatları iştirakçıların diqqətinə çatdırdı.
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və yerli özünüidarəetmə orqanlarının quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açdılar. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, insan hüquq və azadlıqları sahəsində apardığı siyasəti haqqında fikirlər iştirakçıların diqqətinə çatdırıldı.
Görüşün rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.
Daha sonra kənd sakinləri və bələdiyyə sədrləri ilə mövzü ətrafında geniş müzakirələr aparıldı.
Sonda xatirə şəkli çəkdirildi. Görüşün baş tutmasında təşəbbüsünə görə iştirakçılar Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.